Close

20:20
05 Fevral 2025

Arvadını qorxutmaq üçün onu baltaladı - Naxçıvanda dəhşətli hadisə

 Naxçıvan Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşına xəsarət yetirməkdə təqsirləndirilən Elçin Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

TNS hadisənin təfərrüatlarını təqdim edir.

İttihama görə, E. Ağayev içkili vəziyyətdə evə gələrək həyat yoldaşına balta ilə zərbələr endirib.

Məhkəmədə ifadə verən təqsirləndirilən şəxs özünü ittihamda təqsirli bilib. Qeyd edib ki, 32 ildir, evlidir və birgə nigahdan iki oğul övladı var: “Həyat yoldaşımla əvvəldən münasibətlərim yaxşı olmayıb. Amma heç vaxt ona əl qaldırmamışam. Hadisədən bir gün əvvəl içkili idim. Evdə mübahisə yarandı".

"Siqaret çəkəndə baltanı gördüm"

E.Ağayev deyib ki, səhəri gün yenə evə içkili gedib: "Yoldaşım qonşuya getmək istədi, dedim getmə. Çünki mənim həmin qonşu ilə münasibətim yox idi. O isə mənə məhəl qoymadı. Yoldaşım qonşuya getdi. Əsəbiləşib siqaret çəkmək üçün həyətə çıxdım. Həyətdə siqaret çəkəndə baltanı gördüm. Baltanı götürüb, evə keçib gözlədim. Yoldaşım evə gələndə balta ilə onun başından vurdum. Bir neçə zərbə endirəndən sonra o, yerə yıxıldı və ağlamağa başladı. Daha sonra məndən su istədi. Suyu verib həyətə çıxdım, qonşu Musanı çağırıb dedim ki, yoldaşımı balta ilə vurmuşam. Daha sonra polisə təslim oldum”.

Təqsirləndirilən şəxs bildirib ki, həyat yoldaşını öldürmək fikri olmayıb: “Sadəcə onu qorxutmaq istəyirdim ki, məndən qorxsun. Ona görə də baltanın arxası ilə vurdum. Həyat yoldaşımdan xahiş edirəm ki, məni bağışlasın”.

"Arxadan mənə hücum edib, balta ilə vurdu"

Prosesdə ifadə verən zərərçəkmiş bildirib ki, yoldaşı ilə bir gün əvvəl heç bir mübahisəsi olmayıb: “Həmin gün dedi ki, çöldə, divanda yatacaq. Yerini hazırladım, yatdı. Bir neçə saatdan sonra gəlib gördüm ki, Elçin betonun üstündə yatıb. Oyatdım, durub oğlumun yerinə keçdi. Daha sonra məndən su, sonra isə çay istədi. İçki düşkünü deyildi, amma həmin gün içmişdi. Ümumiyyətlə onun içki içməsini istəmirdim. Ona görə öz-özümə deyinmişəm. Münasibətlərimiz heç vaxt isti olmayıb. Amma buna baxmayaraq o, heç vaxt mənə əl qaldırmayıb. Hadisəni niyə törətdiyini bilmirəm. Elçin deyir ki, məni vurandan sonra su istəmişəm. Yalan danışır. O məndən çay istədi, çayı verib balkona çıxdım. Qonşu ilə telefonla danışdığım vaxt arxadan qəfil hücum etdi. Balta ilə bir neçə dəfə başıma və kürəyimə ağır zərbələr endirdi. Huşumu itirdim. Məni sürüyüb otağa atıb, çıxıb gedib. Gözümü açıb, zorla ayağa qalxdım. Bu vaxt qonşu Musa gəlib mənə su verdi. Övladıma görə onu bağışlayıram”.

İfadələrdən sonra məhkəmə istintaqı yekunlaşıb və təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə E. Ağayev 3 il 6 ay azadlıqdan məhrum edilib.