Azərbaycana məxsus 3 gəminin girov götürülməsi ilə bağlı XİN-ə və Eritreyaya məlumat verilib
Azərbaycana məxsus 3 gəminin heyəti ilə birlikdə Afrikada, Eritreya sahillərində girov götürülməsi ilə bağlı Eritreya Dövlətinin dəniz nəqliyyatı sahəsi üzrə səlahiyyətli qurumuna, habelə BDT-yə, Eritreyanın BDT-dəki daimi nümayəndəliyinə və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinə rəsmi məktubla müvafiq məlumatlar təqdim edilib.
TNS xəbər verir ki, bu barədə "APA-Economics"ə Dövlət Dəniz və Liman Agentliyinin mətbuat katibi Pərvanə İmanova bildirib.
Qeyd edib ki, 2024-cü ilin 7 noyabr tarixində"Caspian Marine Services B.V." şrikətinin Azərbaycandakı filialı tərəfindən sözügedən şirkətə məxsus 3 gəminin Eritreya dövlətinin səlahiyyətli qurumları tərəfindən saxlanılması barədə DDLA -nə məlumat daxil olub:
"Dərhal Agentlik tərəfindən Xarici İşlər Nazirliyinə işçi qaydada məlumat verilib".
Qeyd edək ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC (ASCO) məlumat yayaraq Afrika qitəsində saxlanılan gəmilərin ASCO-ya aid olmadığını bildirib.
Məlumat üçün deyək ki, girov saxlanılan 3 gəmi Azərbaycan bayrağı altında üzür.