Həbsdən çıxdı, 6 uşağının anasının başını kəsdi - Yevlaxda dəhşət
Şəki Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Həsrət Bəkirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
TNS hadisənin təfərrüatlarını təqdim edir.
İttihama görə, hadisə ötən il martın 2-də Yevlax rayonunda baş verib. Rayon sakini, 1987-ci il təvəllüdlü Bəkirova Laləzar Camal qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Cinayət əməlini tötətməkdə şübhəli bilinən L.Bəkirovanın həyat yoldaşı, 1986-cı il təvəllüdlü Bəkirov Həsrət Ramiz oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.
“Bir oğlan bizi görüb, qaçdı”
Məhkəmədə ifadə verən təqsirləndirilən şəxs bildirib ki, hadisəni törədərkən özündə olmayıb, həyat yoldaşını narkotik təsiri altında qətlə yetirib.
Təqsirləndirilən şəxsin məhkəmə ifadəsi ilə ibtidai istintaqdakı ifadəsi arasında ziddiyyət yaranıb. Məhkəmə H. Bəkirovun ibtidai istintaqa verdiyi ifadəni elan edib. İfadədə göstərilib ki, təqsirləndirilən şəxs həyat yoldaşını qısqanclıq zəminində qətlə yetirib: “Birgə nikahdan 6 övladımız var. Bir neçə dəfə məhkumluq həyatı yaşamışam. Sonuncu dəfə 2023-cü ilin oktyabr ayında həbsdən azad olunub, ailəmin yanına qayıtdın. Həmin vaxt həyat yoldaşım uşaqlarımla birlikdə Bakıda kirayədə qalırdı. Narkotik istifadə edirdim.
Bir gün həyat yoldaşımla metronun “20 yanvar” stansiyasının yaxınlığında gedərkən, bir cavan oğlan bizi görüb, özünü itirdi, sonra qaçdı. Yoldaşımdan onun kim olduğunu soruşdum, dedi ki, tanımır. Həmin vaxt yaxınlıqdakı oğlanlar dedi ki, həmin şəxsin həyat yoldaşımla münasibəti var.
Sonra biz Yevlaxa köçdük və orada yaşadıq. Hadisədən bir neçə gün əvvəl həyat yoldaşımla Yevlaxda bazarda gəzərkən yenə həmin oğlan bizə rast gəldi. O, yenə bizi görən kimi qaçdı. Yenə yoldaşımdan soruşdum, dedi ki, elə bir adam tanımır.
“Döşəməyə yıxıb, şüşə ilə başını kəsdim”
Martın 1-i evdə söhbət edirdik. Yoldaşım ayrı-ayrı kişilərin adlarını çəkdi ki, onlar məndən yaraşıqlıdır. Qəzəbləndim, aramızda mübahisə yarandı. Mübahisə sakitləşdi, yatmağa getdik. Yataq otağında Laləzarın gödəkçəsinin cibindən ağ kağıza bükülü metanfetamin tapdım. Soruşdum ki, nartkotik istifadə edir? Dedi ki, istifadə etmir, kimsə onun cibinə atıb. Düşündüm ki, metanfetamin həmin bizi görüb qaçan oğlanındır və arvadım mənə xəyanət edir. Səbəbini soruşanda etiraf etdi ki, bir neçə dəfə mənə ayrı-ayrı şəxslərlə xəyanət edib. Laləzarın başından tutub pəncərəyə çırpdım. Şüşə sındı, barmaqlarımı kəsdi. Onu döşəməyə yıxıb, sınmış şüşə parçası ilə boğazını və bədəninin müxtəlif hissələrini kəsib qətlə yetirdim. Sonra gedib Yevlax rayon Polis Şöbəsinə təslim oldum”.
“Narkotik istifadə edib, qızımı qısqanırdı”
Prosesdə ifadə verən zərərçəkmiş şəxsin anası isə bildirib ki, H. Bəkirov narkotik istifadəçisi olduğu üçün ailədə mütəmadi mübahisələr baş verib: “Həbsxanadan çıxandan sonra Həsrət qızımı qısqanmağa başladı. Dəfələrlə ayrılmağa qərar versələr də, sonradan birlikdə yaşadılar. Narkotik istifadə edib, qızımı qısqanırdı. Hadisədən bir gün öncə yenə qızım ayrılmaq istəyirdi. Ertəsi gün hadisə baş verdi. Qızımın həyatında başqa şəxsin olması ilə bağlı deyilənlər yanlışdır. Laləzar ona heç vaxt xəyanət etməyib”.
İfadələrdən sonra məhkəmə istintaqı yekunlaşıb və təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə H. Bəkirov 17 il 6 ay azadlıqdan məhrum edilib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.