4 milyondan çox dələduzluqda təqsirləndirilən şəxsin məhkəməsi başladı
İnvestisiya fəaliyyəti ilə məşğul olan platformada valyuta alqı-satqısı həyata keçirməklə gəlir əldə etmək istəyən üç nəfərin külli-miqdarda pulunu ələ keçirməkdə təqsirləndirilən Alişan Nizaminin cinayət işi üzrə məhkəmənin hazırlıq prosesi keçirilib.
TNS xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Aytən Əliyevanın sədrliyi ilə baş tutan prosesdə anket məlumatları dəqiqləşdirilib.
Ona hüquq və vəzifələri elan olunub.
Təqsirləndirilən şəxsin vəkili Samir İsayev işlə tanış olmaq üçün məhkəmədən vaxt istəyib.
Məhkəmənin növbəti iclası 13 yanvara təyin olunub.
Qeyd edək ki, prosesdə zərərçəkən qisimdə 3 nəfər- Zeynal Mütəllim oğlu Usubov, Babək Məhəmməd oğlu Məmmədzadə və Yadigar Şibi oğlu İsrafilov tanınıb.
Təqsirləndirilən Alişan Nizami asan pul qazanmaq istəyən şəxslərə özünü səhm və valyuta alqı-satqısı ilə məşğul olan mütəxəssis kimi təqdim edib. Bununla da Alişan Nizami Babək Məmmədzadənin 1 milyon 300 min, Zeynal Usubovun 945 min, Yadigar İsrafilovun isə 200 min dollar pulunu ələ keçirib.
Zərərçəkmişlərə dəyən ümumi ziyan 2 milyon 445 min dollar (4 milyon 156 min 500 AZN) təşkil edir. Bildirək ki, ona Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə də ittiham irəli sürülüb.