Close

Elçibəyin müşavirinin öldüyü qəza ilə bağlı YENİ QƏRAR

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən həkim, Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

TNS bu barədə APA-ya istinadən xəbər verir.

Bildirilir ki, bu gün Sabunçu rayon Məhkəməsində hakim Teymur Həsənovun sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiqi prosesi davam edib və “Təhkükəsiz şəhər”in təqdim etdiyi videogörüntülərə baxış keçirilib.

Dövlət ittihamçısı videogörüntülərin keyfiyyətinin aşağı olduğunu əsas gətirərək videogörüntünün aydınlaşdırılması üçün ekspertiziyaya verilməsini təkıif edib.

Tərəflər buna etiraz etməyib. Təqsirləndirilən Azər Maqsudovun vəkili Musa Abdınovun öncəki prosesdə qaldırdığı və açıq saxlanılan vəsatəti müzakirə edilib.

Daha sonra avto ekspertizanın məhkəməyə təqdim etdiyi rəyin nəticəsi açıqlanıb.

Vəkil vəsatəti əsaslandırıb və yenidən avto ekspertizanın keçirilməsini tələb edib.

Məhkəmə müşavirə edib. Hakim vəsatətləri təmin edib.

Məhkəmənin növbəti iclası bəlli olmayan tarixə təyin olunub.

Xatırladaq ki, qəza ötən ilin noyabrında Sabunçu rayonu ərazisində baş verib.

Azər Maqsudov ötən il noyabrın 15-də saat 23 radələrində Sabunçu rayonu ərazisində idarə etdiyi “Mercedes” markalı avtomobillə qəza törədib. Qəza 1956-cı il təvəllüdlü Arif Acaloğlunun yüksək sürətli avtomobil yolunun piyadalar üçün nəzərdə tutulmayan hissəsində avtomobilin qarşısına qəfil çıxması nəticəsində baş verib. A.Maqsudov xəsarət alan A.Acaloğlunu dərhal Sabunçu rayon xəstəxanasına aparıb. Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Hadisə nəticəsində ölən Arif Acaloğlu İstanbul Mərmərə Universitetinin müəllimi, türkoloq alim olub. Türkiyədə yaşayan alim Bakıya noyabrın 16-da keçirilən beynəlxalq elmi konfransda iştirak etmək üçün gəlibmiş.

Mərhum alim Arif Acaloğlu 1992-1993-cü illərdə Azərbaycanın Prezidenti olmuş Əbülfəz Elçibəyin müşaviri vəzifəsində çalışıb. 1993-cü ilin ortalarından Türkiyəyə köçüb.