Kürdəmirdə fermer şərikini güllələdi - TƏFƏRRÜAT
Lənkəran Ağır Cinayətlər Məhkəməsində tanışını güllələməkdə təqsirləndirilən Xalid Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
TNS hadisənin təfərrüatlarını təqdim edir.
İttihama görə, hadisə Kürdəmir rayonunun Carlı kəndində baş verib. Kənd sakini Xalid Abdullayev həmkəndlisi Rüstəm Məmmədovu ov tüfəngi ilə güllələyib.
Prosesdə məlum olub ki, hər iki şəxs fermer olub və birlikdə barama saxlayıb. Elə mübahisə də buna görə baş verib.
"Vurmayana söyüş söydü, mən də vurdum"
Məhkəmədə ifadə verən təqsirləndirilən şəxs bildirib ki, əməlindən peşman deyil: “Rüstəmlə şərik barama saxlayırdıq. Barama üçün taxtadan yer düzəltdik. Baramanı satıb, pulu böldük. Rüstəm dedi ki, guya puldan 35 manatı baramanı alan müştərini tapan adama verib. Məlum oldu ki, o, heç kimə pul verməyib. Mübahisə etdik, Rüstəm məni döydü, dişlərimi qırdı. Mən polisə şikayət etmədim.
Bir neçə gün sonra Rüstəmdən taxtaları istədim, vermədi. Hadisədən bir gün əvvəl yenə ondan taxtaları istədim, məni və ailəmi təhqir etdi. Mən də evə gəlib, tüfəngi götürüb, geri qayıtdım. Həyətlərinə çatıb Rüstəmi çağırdım. Rüstəm həyətə çıxanda dedim ki, ya taxtaları versin, ya da onu vuracağam. O isə vurmayana söyüş söydü. İki dəfə ayağını nişan alıb, atəş açdım. Onu öldürmək fikrim yox idi, olsaydı, öldürərdim”.
"Taxtaları vermədim, ona görə güllələdi"
Məhkəmədə ifadə verən zərərçəkmiş isə bildirib ki, Xalidin tələb etdiyi taxtalar ona məxsus olub: “Biz barama saxlamağa başlayanda Xalidə dedim ki, çayın kənarında sel xeyli sayda taxta gətirib, gedib, gətirək, baramalar üçün yer düzəldək. Razılaşdıq, taxtaları gətirib barama üçün yer düzəltdik. Baramaları satandan sonra taxtaların yarısını Xalid apardı, yarısı mənə qaldı. Sonra gəldi ki, qalan taxtaları da ona verim. Mübahisə elədik, onu həyətdən çıxardım. Xalid getdi, silah götürüb, həyətimə basqın etdi, məni də güllələdi”.
Şahid ifadələrindən sonra məhkəmə istintaqı yekunlaşıb və təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə X. Abdullayev 5 il azadlıqdan məhrum edilib.
Samir Əli