Close

23:30
04 Yanvar 2025
21:18
04 Yanvar 2025

Ərindən icazə alıb, oteldə qaldı, xəyanət etdi - İsmayıllıda dəhşət

Şəki Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını xüsusi amasızlıqla qətlə yetirməkdə təqsirləndirilən Etibar Bədəlovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

TNS hadisənin təfərrüatlarını təqdim edir:

İttihama görə, hadisə İsmayıllı rayonunun Təzəkənd kəndində baş verib. Kənd sakini, 1985-ci il təvəllüdlü Etibar Bədəlov qısqanclıq zəminində həyat yoldaşına bıçaqla xəsarətlər yetirərək qəsdən öldürüb.

"Atam dedi ki, kənddə yad maşın gəzir"

Məhkəmədə ifadə verən təqsirləndirilən şəxs bildirib ki, həyat yoldaşını ona dəfələrlə xəyanət etdiyini öyrəndikdən sonra öldürmək qərarına gəlib: “Yoldaşım 2022-ci ildə İsmayıllı rayonunun Basqal qəsəbəsində yerləşən bir oteldə soyuq qəlyanaltı aşbazı kimi işə başlamışdı. 2023-cü il iyun ayının 1-də işdən çıxıb. Həmin ilin fevralın 2-dən martın 8-nə və aprelin 2-dən sonuna qədər işləmək üçün Bakı şəhərinə getmişəm. Mart ayında kəndə qayıdan zaman atam dedi ki, kənddə yad maşın gəzir. Aytəndən soruşdum ki, həmin maşını tanıyır, ya yox? Tanımadığını dedi,  inandım.

Yoldaşından icazə alıb oteldə qaldı, xəyanət etdi

Yenidən Bakıya işləməyə getdim. Bakıda olanda Aytən mənə zəng vurub icazə aldı ki, arada işləri çatdıra bilmədiyi üçün oteldə gecələməsi lazımdır. Mən də razılaşdım.

Bakıdan qayıdanda atam Aytənlə bağlı söz-söhbətlər gəzdiyini, həmin yad maşının onun dalınca gəldiyini dedi. İyunun 1-də Aytəni işdən çıxardım. Otelə gedib, onun hansı günlərdə oteldə gecələdiyini soruşdum. Dedilər ki, cəmi iki gecə oteldə işlə bağlı qalıb.

Həmin gün onu götürüb, Lahıc yolunun kənarına apardım, həmin maşının sürücüsünün kim olduğunu soruşdum. Boynuna almadı. Dedi ki, bir dəfə Kənan adlı iş yoldaşı ondan marketin yerini soruşub, göstərmək üçün maşına əyləşib. Aytəni vurdum. Mənə dedi ki, gedək, evdə söhbət edək.

"Etiraf etdi ki, Kənanla oteldə qalıb"

Evə gəldik. Evdə etiraf etdi ki, bir dəfə Kənanla Şamaxıda oteldə qalıb, mənə xəyanət edib. Bundan sonra onu uşaqlarla birlikdə Göyçaya, atasının evinə apardım, hadisəni onlara danışıb, geri qayıtdım. İsmayıllıda Mediasiya Şurasına müraciət etdim ki, boşanmaq istəyirik. Sonradan öyrəndim ki, Kənanla bir neçə dəfə Şamaxıda oteldə görüşüblər. Taksini tapıb, sürücüsündən Aytəni soruşdum. O da etiraf etdi ki, Kənanla Aytəni Şamaxıdakı otelə aparıb.

Kənanın nömrəsini tapdım, onunla görüşmək istədiyimi bildirdim. Kənan dedi ki, Gürcüstandadır, gələndə görüşəcək. Bundan sonra bir neçə dəfə Kənanla əlaqə saxlasam da, görüşməkdən imtina etdi. Sonuncu dəfə dedi ki, Aytən tək onunla deyil, çox adamla görüşüb. Kənan məni polislə hədələdi.

Göyçaya qayıdıb, uşaqlarımı görmək üçün qayınatamgilə getdim. Aytəni çağıranda qayınatam və qayınım üstümə gəldilər, polisə zəng edib guya Aytəni döymək istədiyimi bildirdilər. Polis gəlib, ikimizi də şöbəyə dəvət etdi, izahat alıb buraxdı.

"Dedim ki, sənədlər evdədir, gedək verim"

Sonrakı gün yenidən Göyçaya gedib, Aytəni boşanmaq üçün Mediasiya Şurasına gətirdim. Mediasiya Şurasında ərizə yazdıq, Aytən heç nə tələb etmədi, razılaşdıq. Çıxanda Aytən dedi ki, uşaqların sənədlərini ona verim. Bəhanə elədim ki, sənədlər evdədir, gedək, evdən götürək, sonra onu Göyçaya qaytarım. Evə gəldik və yenidən ondan xəyanətin səbəblərini soruşdum. Aytən dedi ki, səhv edib. Cibimdən bıçağı çıxarıb, Aytənin ürəyindən vurmaq istəyəndə o, əlini bıçağın qarşısına atdı, əli kəsildi. İkinci zərbəni qarnından vurdum. Aytən mətbəxə su içməyə qaçdı. Arxasınca gedəndə dedi ki, su içə bilmir, stəkan gətirim. Mən stəkan gətirəndə o, mətbəxin pəncərəsindən düşüb qışqıra-qışqıra qaçmağa, camaatı köməyə çağırmağa başladı. Arxadan onu tutub, yerə yıxdım. Bir neçə bıçaq zərbəsi ilə qətlə yetirdim. Sonra polisə zəng edib,  məlumat verdim”.

Prosesdə məlum olub ki,  Etibar Bədəlov Aytənə 24 bıçaq zərbəsi endirməklə qətlə yetirib.

Şahid ifadələrindən sonra proses yekunlaşıb və təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə E. Bədəlov 17 il 6 ay azadlıqdan məhrum edilib.

Samir Əli