Close

AZAL-ın qəzaya uğrayan sərnişin təyyarəsində 25 nəfər sağ qalıb - YENİLƏNİB

AZAL-ın qəzaya uğrayan təyyarəsindən 25 nəfərin sağ çıxdığı açıqlanıb.

TNS TRT-yə istinadən xəbər verir ki, yaralılar Aktaudakı xəstəxanalara aparılıblar. Hazırda ərazidə xilasetmə tədbirləri davam edir, baş vermiş yanğın söndürülüb.

12:02

“Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus təyyarənin qəzaya uğraması nəticəsində xəsarət alan 12 nəfər xəstəxanaya çatdırılıb.

TNS TRT-yə istinadən xəbər verir ki, təyyarədə ümumilikdə 67 nəfər olub. Aktau yaxınlığında qəzaya uğrayan təyyarədən hələlik 12 nəfər sağ çıxarılıb. Onlar Manqistau vilayət xəstəxanasına çatdırılıb.

11:38

AZAL-ın Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan sərnişin təyyarəsində olanlardan 6 nəfəri sağdır.

TNS xəbər verir ki, bu barədə Qazaxıstan Səhiyyə Nazirliyindən bildirilib.

Məlumata görə, təyyarədə olan 67 nəfərdən 6-sı sağ qalıb. Onlar xəstəxanaya çatdırılıb.

Vəziyyətlərinin ağır olduğu bildirilir.

11:32

Qazaxıstanın Aktau şəhəri yaxınlığında təyyarənin qəzaya uğradığı yerdə yanğının söndürülməsi üçün 52 yanğınsöndürən və 11 texnika cəlb olunub.

TNS xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Hazırda zərərçəkənlər barədə məlumat dəqiqləşdirilir. İlkin məlumata görə, sağ qalanlar var.

Fövqəladə Hallar Nazirliyinin (FHN) fəaliyyət göstərdiyi Komanda Mərkəzində respublika operativ qərargah yaradılıb.

11:01

“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 kilometr yaxınlığında qəza enişi edib.

TNS xəbər verir ki, təyyarə Xəzər dənizi üzərində “SOS” siqnalı verib.

Daha sonra məcburi eniş etmək üçün Qazaxıstana istiqamət alan təyyarə qəzaya uğrayıb.

AZAL-dan bildirilib ki, ilkin məlumata görə, hadisəyə səbəb hava gəmisinin quş sürüsü ilə toqquşması olub.

Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Təyyarədə 67 sərnişin, 5 ekipaj üzvünün olduğu bildirilir.