Ayrı-ayrı şəxslər işıqforların elektrik xəttinə müdaxilə edirlər
Paytaxtda bəzi hallarda ayrı-ayrı şəxs və ya şəxslər tərəfindən işıqforların elektrik xəttinə qanunsuz müdaxilə hallarına rast gəlinir.
TNS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Qeyd edilib ki, belə bir hal Suraxanı rayonu, İlqar Məmmədov küçəsi ilə Səttar Bəhlulzadə küçələrinin kəsişməsində Yenil il işıq çilçırağının naqilinin açıq formada işıqforun elektrik xəttinə quraşdırılması ilə bağlı olub.
Bildirilib ki, qısa müddət ərzində bu cür qanunsuz hərəkətin qarşısı alınıb, təhlükəsizlik təmin olunub.
"İşıqforların elektrik xəttinə hər hansısa bir avadanlığın quraşdırılması, xüsusilə də yağışlı havalarda qısaqapanmalara səbəb olur və nəticədə də nizamlayıcının kabel-kommunikasiya xətləri, idarəetmə qurğusu sıradan çıxır. Belə olduğu təqdirdə yol hərəkəti iştirakçılarının yoldan təhlükəsiz istifadə etməsində problemlər yaranır. Xatırlatmaq istərdik ki, işıqforlara kənar avadanlıqların quraşdırılması və qoşulması qadağandır və bu məsuliyyət yaradır", - deyə məlumatda qeyd olunub.