Close

Azərbaycan beynəlxalq axtarışa vermişdi, Omanda saxlanıldı

Azərbaycan Respublikası Baş Prokurorluğunun İnterpol xətti ilə beynəlxalq axtarışa verilmiş İran vətəndaşı Azadfar Mehdi Mohammadrezanın ekstradisiyası haqqında vəsatəti beynəlxalq hüququn qarşılıqlı yardım prinsipinə uyğun olaraq Oman Sultanlığının Maskat Apellyasiya Məhkəməsi tərəfindən təmin edilib.

Bu barədə TNS-ə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Məlumata görə, fiqurantın külli miqdarda ziyan vurmaqla dələduzluq cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq həbsli axtarışa verilib. Şəxs 2024-cü ilin may ayında Omanda müəyyən edilərək həbsə alınıb.

Hazırda təqsirləndirilən şəxsin ölkəmizə gətirilməsi məqsədilə zəruri tədbirlər görülür.