Close

05:44
12 Dekabr 2024

Talassemiyalı xəstələrin bir milyon manatını mənimsəyən dəstənin istintaqı yekunlaşdı

Bakı Ağır Cinayətlər Məhkəməsində talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış vəsaitləri dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunan "Urmedhelp” və “My Doc Tour” adlı şirkətlərin sahibi Nuridə Seyidova, digər iki nəfər – Aynur Bayramova ilə Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

TNS-in məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə tərkibinin dəyişdirildiyi məlum olub.

Qeyd edilib ki, hakim Əli Məmmədov Bakı Apellyasiya Məhkəməsinə hakim göndərildiyindən məhkəmə tərkibində onu Gəncə Ağır Cinayətlər Məhkəməsindən ezam olunan hakim Roman Ələkbərli əvəz edir.

Bu səbəbdən məhkəmə istintaqı yenilənib. Təqsirləndirilən şəxslərdən Nuridə Seyidova özünü qismən təqsirli bilsə də, digər iki təqsirləndirilən şəxs ittihamı qəbul etməyib. Onlar əvvəlki ifadələrini təsdiqlənməyib.

Prosesdə bildirilib ki, Dövlət Gömrük Komitəsinin Tibb xidmətindən məhkəmınin sorğusuna cavab verilib. Hakim deyib ki, istintaq orqanı transplantasiya məsələsini araşdırmayıb: "Məktubda Mircəlal Kaziminin həyata keçirdiyi əməliyyatlar və göstərilən digər tibbi xidmətlərə görə şirkətin 245 min265 manat borcu qalıb. Burada əməliyyat olunan şəxslərin adları da məktubda əksinin tapıb. Məsələn Becanov Namiq, Əsimova Rita, Mikayılova Şölə Kazımova Aynurə və digərləri".

"Bona Dea" xəstəxanasından daxil olan məktubda qeyd olunub ki, "Urmedhelp" şirkəti ilə xəstəxananın heç bir müqaviləsi olmayıb.

Prosesdə məlum olub ki, talassemiya xəstələri üçün yığılan 35 min manat "Bona Dea"da başqa xəstələrə sərf olunub.

Təqsirləndirlilən Aysel Məmmədova bildirib ki, "Bona Dea"da 70 min manatlıq əməliyyat həyata keçirib. Onun sözlərinə görə, həmin xəstə Eldar Məmmədovdur. Müzakirələr zamanı məlum olub ki, Eldar Məmmədov əməliyyatın haqqının yarısını ödəyib.

Hakim bildirib ki, Nuridə Seyidova ilə bağlı çoxsaylı şikayət var: "Mən şikayətlərə cavab verməkdən yorulmuşam. Onlara məsləhət görürəm ki, prokurorluğa müraciət etsinlər".

Zərərçəkmişlər iddia ediblər ki, təqsirləndirilən şəxslər onların pulları ilə lotereya oynayıblar, piramida üsulu dələduzluq ediblər. Zərərçəkmiş şəxslərdən biri söyləyib ki, bu təqsirləndirilən şəxslərin arxasında böyük adamlar dayanıb, təqsirləndirilən şəxslər bu işdə "maşa"dır.

Növbəti proses dekabrın 18-də davam edəcək.

Qeyd edək ki, talassemiyalı xəstələrin valideynlərinin Daxili İşlər Nazirliyinə müraciətindən sonra faktla bağlı cinayət işi başlanılıb. İstintaqla müəyyən edilib ki, Nuridə Seyidova digərləri ilə əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 1 milyon manata yaxın dələduzluq edib.

Xanım müttəhimlərə qarşı Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.