Bu proqrama cəlb olunan şəxslərin illik sayı 15 dəfəyədək artıb - RƏSMİ
Hazırda işsiz və işaxtaran şəxslərə özünüməşğulluq proqramı əsasında kənd təsərrüfatı üzrə 4, istehsal və xidmət sahələri üzrə isə 23 olmaqla ümumilikdə 27 özünüməşğulluq zərfi üzrə mal və materiallar formasında aktivlər təqdim edilir.
Bu barədə TNS-in sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyindən məlumat verilib.
Bildirilib ki, 2017-ci ildə Azərbaycanda özünüməşğulluq proqramının icrasına başlanıb və həmin illə müqayisədə proqrama cəlb olunan şəxslərin illik sayı 15 dəfəyədək artıb: “Artıq proqram çərçivəsində 85,1 min şəxs aktivlərlə təmin edilib. Onlardan 54,3 min şəxs kənd təsərrüfatı istiqaməti üzrə, 30,9 min şəxs isə istehsal-xidmət istiqaməti üzrə mal və materiallarla təmin edilib.
Bundan başqa, işğaldan azad olunan ərazilərimizdə də özünüməşğulluq proqramının icrası həyata keçirilir. Öz doğma yurdlarına köçürülən 137 şəxsə aktivlər verilməklə onlar üçün kiçik təsərrüfatlar yaradılıb”.
Qeyd olunub ki, mühüm sosial-iqtisadi əhəmiyyətə malik olan özünüməşğulluq proqramı işsiz şəxslərin məşğulluğunun təmin edilməsi və kiçik biznesə çıxış imkanlarının artırılmasına önəmli dəstəkdir. Proqrama müraciət zamanı şəhid ailəsinin üzvləri, əlilliyi olan şəxslər, ünvanlı sosial yardım alan şəxslər və s. həssas təbəqələrdən olanlara üstünlük verilir.
Bildirilib ki, özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin müqavilə müddəti ərzində monitorinqi aparılır və müqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda, özünüməşğulluğun təşkili üçün verilmiş əmlak həmin şəxsin mülkiyyətinə verilir.
Qeyd edək ki, Agentlikdən monitorinqlər nəticəsində nə qədər şəxsin fəaliyyətinin təqdim edilən biznes-plana uyğun olmadığı, onlar üçün verilən əmlakın dəyərinin geri alındığı barədə məlumat verilməyib.
Aygün