Ağadadaş Ağayevin "Xalq artisti" adından məhrum edilməsi... - AÇIQLAMA
Xalq artisti Ağadadaş Ağayevin fəxri adından məhrum edilməsi ilə bağlı məlumatlar yayılıb. İddia olunur ki, məhkəmə hazırda barəsində cinayət işi olan A. Ağayevdən “Xalq artisti” fəxri adını geri ala bilər.
Məsələ ilə bağlı TNS-ə açıqlama verən hüquqşünas, Azərbaycan Vəkillər Kollegiyasının üzvü Ziya Qənbərov bildirib ki, hazırkı mərhələdə A.Ağayev bu addan məhrum edilə bilməz.
“Ağadadaş Ağayev ağır və xüsusilə ağır cinayət törətdiyi halda fəxri addan məhrum edilə bilər. O isə Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi üzrə təqsirləndirilir ki, bu da ağır və xüsusilə ağır cinayət hesab edilmir. Bu maddənin təsiri altında şəxsə cəza 3 ildən 5 ilə qədər nəzərdə tutulub. Əgər Ağadadaş Ağayevin barəsindəki cinayət işi üzrə təqsirləndirildiyi maddədə nəzərdə tutulan cəza 7 ildən artıq olarsa, bu halda onun ağır və xüsusilə ağır cinayət törətməsi nəzərə alınaraq, “Xalq artisti” fəxri adından məhrum edilməsi məsələsinə baxıla bilərdi. Hazırda təqsirləndirildiyi maddə ilə A. Ağayev bu addan məhrum edilə bilməz”, - deyə vəkil əlavə edib.