Novxanıda partlayış oldu: məşhur şahmatçının valideyinləri… - YENİLƏNİB

Novxanıda partlayış zamanı xəsarət alan şəxslərin mərhum şahmat ustası Vüqar Həşimovun valideynləridir.
TNS xəbər verir ki, FHN-in xilasediciləri tərəfindən dağıntılar altından Qasım Həşimov və Aidə Həşimova sağ çıxarılaraq adiyyatı üzrə təhvil veriliblər.
TƏBİB-dən bildirilib ki, Abşeron rayonu, Novxanı kəndində fərdi yaşayış evində partlayış baş verməsi səbəbilə bu gün saat 08:10 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub. Hadisə yerinə 2 təcili tibbi yardım briqadası cəlb edilib.
"Hadisə nəticəsində xəsarət alan 2 nəfər Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.
Reanimasiya şöbəsinə yerləşdirilən 1949-cu il təvəllüdlü şəxsə hər iki aşağı ətrafın və sifətin I, II, III dərəcəli yanığı, 1959-cu il təvəllüdlü şəxsə isə sol bud sümüyünün sınığı, sol əlin yarası diaqnozları təyin edilib. Müalicələri davam etdirilir, vəziyyətləri ağırdır".
09:29
Abşeron rayonu, Novxanı kəndində fərdi yaşayış evində partlayış baş verib və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb olunub.
Bu barədə TNS-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, xilasedicilər tərəfindən həyata keçirilən operativ axtarış-xilasetmə tədbirləri sayəsində dağıntılar altından 2 nəfər sağ çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, hadisə baş verən evdə mərhum şahmatçı Vüqar Həçumovun valideynlərinin yaşadığı bildirilir. Məlumata görə, dağıntılar altından sağ çıxarılan şəxslər onun valideynləridir.
09:02
Abşeron rayonunun Novxanı kəndində partlayış olub.
TNS xəbər verir ki, hadisə fərdi yaşayış evində baş verib.
Partlayış nəticəsində yaralananların olduğu güman edilir.
Xatırladaq ki, daha əvvəl Sumqayıtın 13-cü mikrorayonunda yaşayış binasında baş vermiş partlayış nəticəsində bir neçə nəfər yaralanmışdı.