Close

18:50
02 Dekabr 2024
18:20
02 Dekabr 2024

18 yaşlı oğlan bacısına mesaj yazan dostunu vurdu – Naxçıvandakı qanlı hadisənin təfərrüatları

Naxçıvan Ağır Cinayətlər Məhkəməsində tanışını bıçaqlamaqda təqsirləndirilən 2006-cı il təvəllüdlü Elgün Məmmədovun cinayət işi üzrə məhkəmə posesi başa çatıb.

TNS hadisənin təfərrüatlarını təqdim edir.

“Mənə dedi ki, bacından xoşum gəlir”

İttihama görə, E. Məmmədov Fəqan Əliyevi orta məktəbin həyətində bıçaqlayıb.

Prosesdə ifadə verən təqsirləndirilən şəxs bildirib ki, Fəqan ilə ailəvi dost olublar: “2-3 il əvvəl Fəqan mənimlə söhbət edəndə dedi ki, bacımdan xoşum gəlir. Cavab verdim ki, biz dostuq, ailəvi gediş-gəlişimiz var, bu barədə bir daha danışmasın. Mənə dedi ki, fikri ciddidir. Bir neçə ay sonra Fəqan anamın telefonuna bu barədə mesaj yazıb. Bacım isə həmin vaxt ona “sən mənim qardaşımsan”, - cavabını verib.

“Bacımla küçədə bir yerdə gördüm”

Bir-neçə ay sonra yolda gedəndə Fəqanı bacım və xalamqızı ilə birlikdə gördüm. Fəqanı kənara çəkib nə danışdıqlarını soruşdum. Dedi ki, guya başqa bir nəfər bacımı istəyib, Fəqan da həmin şəxsi başa salıb. Həmin adamın kim olduğunu soruşsam da, demədi. Sonradan bir nəfərin adını çəkdi. Dediyi adamı tapdım, söhbət etdim. Bacımla da danışdım, dedi ki, bu barədə onun xəbəri yoxdur. Fəqan bacıma bir qızla oğlanın şəklini göstərib. Həmin qızın bacım olub-olmadığını soruşub. Sonra bacıma “TikTok”da şəkil paylaşmasına görə irad bildirib. Bacım isə deyib ki, onun həyatının Fəqana aidiyyəti yoxdur. Fəqan cavabında "sənin qardaşınla dostam, mənə təsir edir", - deyib.

“Bacıma yazıb-yazmadığını soruşdum, “hə” dedi, mən də vurdum”

Bir müddət sonra bacım bildirdi ki, Fəqan ona yazır. Bu barədə Fəqandan soruşanda o, etiraf etdi. Fəqana zəng edib, görüşə çağırdım. İşdə olduğu üçün gəlmədi. Ertəsi gün onunla məktəbin həyətində görüşməyi planlaşdırdım. Əmim oğlu Canbaxış görüşümüzün səbəbini soruşanda dedim ki, Fəqanla bir haqq-hesab var, onu danışacağam. Evdən bıçaq götürüb getdim. Fəqanı çağırıb, soruşdum ki, bacımın həyatına niyə müdaxilə edirsən? Dedi ki, söz-söhbətlərə son qoymaq üçün edib. Ondan bacıma yenə yazıb-yazmadığını bir daha soruşdum, etiraf etdi ki, yazır. Əsəbiləşib ona bir yumruq vurdum. O da yumruqla cavab verdi. Aramızda dava başladı, cibimdən bıçağı çıxarıb ona bir neçə zərbə endirdim. Fəqan qışqırdı ki, məni niyə bıçaqlayırsan? Səsə Canbaxışla Sahib gəldilər. Sahib məni arxadan tutdu. Sahibə dedim ki, çəkil get, bu, namus söhbətidir. Bir də gördüm ki, Fəqanın üstü qandır. Sahiblə Canbaxışa dedim ki, onu həkimə aparsınlar. Özüm isə Şərur rayon Polis Şöbəsinə getdim. Şöbənin qarşısına çatdım, amma geri qayıtdım. Birinci nənəmə zəng edib, Fəqanı bıçaqladığımı dedim. Daha sonra evə gəldim. Qohumlar mənə təklif etdilər ki, polisə gedim, amma getmədim. Sonra məsələdən atam xəbər tutdu, onunla xəstəxanaya getdik. Oradan bibimgilə, sonra isə Şərur rayon Polis Şöbəsinə gedib, cinayəti etiraf etdim. 7 yaşımdan psixoloji problemim olub, müalicələr almışam. Fəqanı vurmaq fikrim olmayıb. Sadəcə əsəblərimi cilovlaya bilmədim, vurdum. Hazırda da Fəqanla barışmışıq”.

“Dedim ki, mən sənin qeyrətini qoruyuram, sən məni vurursan?”

Prosesdə ifadə verən zərərçəkmiş şəxs isə bildirib ki, hadisədən bir müddət əvvəl Elgünün bacısı onu sevdiyini bildirib: “Mən isə dedim ki, biz Elgünlə dostuq. Bu söhbət burda da bitdi. Sonra Elgün Türkiyəyə işləməyə getdi. Mən də məhəllə qızı kimi onu qoruyurdum. Hadisədən iki ay əvvəl qızın bir oğlanla görüşdüyünü eşitdim. Həmin oğlanı tapıb onunla söhbət etdim, başa saldım ki, qız dostumun bacısıdır. Dedim, əgər fikri ciddidirsə, Elgünə çatdırım. Bundan sonra oğlan qıza zəng edib, xəbər verib ki, Fəqan bu məsələni bilir, Elgünə deyəcək. Bu söhbətdən sonra Elgün mənə zəng vurub görüşmək istədiyini bildirdi. Dedim ki, işdəyəm, axşam görüşərik. Axşam 1 saylı orta məktəbin həyətində görüşdük. Elgün məndən soruşdu ki, bacısına niyə yazmışam. Mən isə dedim ki, ona yazmamışam. Mən Elgünü soruşmaq üçün anasına yazanda, bacısı mənə cavab yazmışdı. Bunu ona deyəndə Elgün məni vurdu. Əlbəyaxa olduq, mən də onu vurdum. Elgün özünü itirib yıxıldı. Başı aşağı vəziyyətdə məni bıçaqla vurdu. Onda bıçaq olduğunu bilmirdim. İkinci zərbədən sonra hiss etdim ki, məni bıçaqla vurur. Ona dedim ki, qeyrətini qoruyuram, sən isə məni bıçaqlayırsan. 3-cü zərbədən sonra Elgün qanı görüb dayandı. Mən qışqırdım, Sahiblə Canbaxış gəlib məni maşınla xəstəxanaya apardı”.

Prosesdə məhkəmə istintaqı yekunlaşıb və təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə E. Məmmədov 3 il azadlıqdan məhrum edilib.

Samir Əli