Close

“Dedim ki, yaşamaq istəyirsənsə, kənddən çıx” - Naxçıvandakı dəhşətli hadisənin təfərrüatı

Naxçıvan Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Bəxtiyar Rəsulovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

TNS dəhşətli qətl hadisəsinin təfərrüatlarını təqdim edir.

Ata övladlarının gözü önündə qətlə yetirilib

İttihama görə, qətl hadisəsi qisas almaq məqsədi ilə törədilib. O, dayısının qatili İbrahim Tağısoyu öldürməkdə təqsirləndirilir.

İttihama görə, 1995-ci ildə İ. Tağısoy B. Rəsulovun dayısını dükanda qətlə yetirib və buna görə həbs olunub. O, 2000-ci ildə azadlığa çıxıb. B. Rəsulov İbrahimə bir də kəndə qayıtmamağı, onu kənddə görmək istəmədiklərini, yoxsa öldürəcəyini deyib. 24 il əvvəl İ. Tağısoy kəndi tərk edərək Türkiyəyə köçüb. Bu ilin 6 iyun tarixində isə o, qardaşı oğlunun toyu və övladının ad günü münasibəti ilə Türkiyədən qayıdıb və Ordubadın Vənənd kəndindəki evə gedib. 1 həftə sonra isə o, doğulduğu Unus kəndinə gedərək atasını ziyarət edib. İbrahimin kənddə olduğunu öyrənən Bəxtiyar onu qətlə yetirmək üçün atasının evinə gedib və küçədə maşına minərkən kənara çağırıb. İbrahimə yaxınlaşan Bəxtiyar qəfil bıçaq zərbələri ilə İbrahimi ailə üzvlərinin yanında öldürüb.

Hadisədən sonra İbrahim Tağısoyun həyat yoldaşı və övladında xəstəlik yaranıb.

“Dedim yaşamaq istəyirsənsə, kənddən çıx”

Məhkəmədə ifadə verən təqsirləndirilən şəxs bildirib ki, hadisə baş verdiyi gün su suvarmaqdan gəlirmiş: “Hadisənin səbəbi İbrahimin dayımı qətlə yetirməsidir. İbrahimlə bir kənddə yaşamışıq, hərbi xidmətə də bir getmişik. Sonradan İbrahim hərbi xidməti yarımçıq başa vurub kəndə qayıtdı. 1995-ci ildə kənddə dükanda dayımla mübahisə edib, dayımı qətlə yetirmişdi. Buna görə ona 9 il həbs cəzası verdilər. 2000-ci ildə İbrahim cəzasının çəkilməmiş hissəsindən azad edilərək kəndə qayıtdı. Onda İbrahimi görüb dedim ki, əgər yaşamaq istəyirsənsə kənddən çıx, gözümə görünmə. Dedim ki, nə vaxt gözümə görünsən, öldürəcəm. İbrahim də köçdü Türkiyəyə.

Uzun illər sonra eşidirdim ki, İbrahim kəndə gəlib-gedir. Amma mənə rast gəlməmişdi. İyunun 6-da eşitdim ki, İbrahim kənddədi. Bir dəfə mənimlə kənddə rastlaşdı, məni görüb yolunu dəyişdi. Ayın 13-ü idi, sahəni suvarmaqdan qayıdırdım. İbrahimgilin qapısından keçəndə onu həyətlərində gördüm. Evə qayıtdım, qərar verdim ki, İbrahimi öldürməliyəm. Yeməyimi yedim, 150 qram araq içdim, bıçağı götürüb evdən çıxdım. İbrahimgilin məhəlləsinə çatanda gördüm ki, qapıda taksi dayanıb. Sürücüdən soruşdum ki, burada nə gözləyir? Dedi ki, İbişi aparmağa gəlmişəm.

Yaxınlıqda “QAZEL” var idi. Onun yanında dayanıb İbrahimin çıxmasını gözlədim. İbrahim qapıdan çıxanda, əlimlə onu çağırdım. İbrahim uzaqdan “nə var, nə yox”, - deyib mənə tərəf gəldi. Ürəyimdə dedim ki, gəl bura, deyəcəm nə var nə yox. İbrahim mənə tərəf gəldi, mən də ona tərəf. Çatan kimi ona ürəyindən bir bıçaq zərbəsi vurdum. Əlbəyaxa olduq, Onu vurduğum yerdən iki metr aralıda yerə çırpdım. Yaxınlıqdakı kafedən kənd sakinləri çıxdı, səs-küy düşdü. Adamlara dedim ki, məni polisə təslim edin. Heç kim qorxudan yaxın gəlmədi. Evə qaçıb əynimi dəyişdim. Anama dedim ki, gözün aydın, İbişi öldürdüm. Anam şöka düşdü.

Evdən çıxıb hadisə yerinə gəldim. Polislər gəlib məni saxladılar”.

Təqsirləndirilən şəxs bildirib ki, hadisə vaxtı İbrahimin yanında ailə-uşağını görməyib.

“Qızımın ad gününə hazırlaşırdıq”

Prosesdə ifadə verən zərərçəkmiş şəxsin həyat yoldaşı bildirib ki, iki gün sonra övladının ad gününə hazırlaşırlarmış: “İki gün sonra qızımın ad günü olacaqdı. İbrahim Türkiyədə olduğu üçün heç vaxt ad günü keçirməmişdik. Ad gününə hazırlaşırdıq. İbrahimin anası “şəkər” xəstəsi idi, atasının isə ayaqları tutulmuşdu. Ona görə, gəlmişdik onlara baş çəkməyə. Sağollaşıb çıxanda, İbrahimin qardaşının ailəsi ilə ad gününü söhbət edirdik. Qızım tort şəkilləri seçib atasına göstərdi. İbrahim də razılaşdı. Danışırdıq ki, nəsillikcə bir yerə toplaşaq. Belə söhbət edə-edə həyətdən çıxırdıq, çöldə taksi gözləyirdi. Çantaları taksinin yük yerinə yığdıq, mən və uşaqlar arxada əyləşdik.

“Oğlum maşından qışqırdı ki, atamı vurdular”

İbrahim bizim qapımızı bağlayanda, kimsə onu “İbiş, bir dəqiqə olar”, - deyə çağırdı. İbrahim qapını bağlayıb ona tərəf getdi. Düşünməzdik ki, İbrahimi öldürməyə çağırır kimsə. Çünki İbrahimi kənddə kim görürdüsə, görüşüb-öpüşürdü, hal-əhval tuturdu. Dedik ki, yəqin bu da həmin adamlardı. İbrahim həmin adama çatıb əl uzatdı. Birdən oğlum maşından qışqırdı ki, atamı vurdular. Tez maşından düşüb İbrahim tərəfə qaçdıq. Biz çatanda İbrahim dizi üstə çökmüşdü, bıçaq sinəsində idi.

“Atamın qanı axır, kömək edin”

Qaynımın yoldaşı dedi ki, bıçağı çıxaraq, qoymadım. Dedim ki, bıçağı çıxarsaq, qanaxma olacaq. Qızım qışqırdı ki, atamın qanı aıxr, kömək edin.

Kənddəki Əhməd həkimi çağırmağı xahiş etdim. Ətrafdakılar Əhməd həkimi çağırdı. Əhməd həkim gəlib dedi ki, təcili xəstəxanaya götürün. Təcili yardıma zəng vursaq da, gözləmədik. Taksi ilə İbrahimi Ordubada aparmağı düşündük. Təcili yardım yarı yolda gəldi, İbrahimi təcili yardıma qoyub, rayona çatdırdıq. Amma həkimlər dedi ki, artıq gecdir”.

 Prosesdə məhkəmə istintaqı yekunlaşıb və təqsirləndirilən şəxsə hökm oxunub. Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə B. Rəsulov 17 il azadlıqdan məhrum edilib.