Qonşular salam vermədi, xəyanətdən şübhələndi və... - ŞOK
Sumqayıt Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını ölümcül bıçaqlamaqda təqsirləndirilən Hüseyn İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
TNS hadisənin təfərrüatını təqdim edir.
Hadisə Abşeron rayonunun Mehdiabad qəsəbəsində baş verib.
İttiahama görə, H. İsmayılov anlaqsız vəziyyətdə həyat yoldaşını xüsusi amansızlıqla bıçaqlayıb, öldürməyə cəhd edib.
"Yoldaşım qonşu evlərə gedirdi, 3-4 saatla evə gəlmirdi"
Məhkəmədə təqsirləndirilən şəxsə fadə vermək təklif olunsa da o, anlaqsız vəziyyətdə olduğundan ifadə verməyib. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaqa ifadəsini elan edib.
İfadədə göstərilib ki, H. İsmayılov hadisəni qısqanclıq zəminində törədib: “Həyat yoldaşımla 1995-ci ildən ailəliyik. Ali təhsili olmasa da, tibb sahəsindən anlayışı var. Qonşulara, qəsəbə sakinlərinə iynə vurmaq, sistem qoşmaqla məşğul idi. Əvvəllər münasibətlərimiz tam normal olub. Son iki ildə o, qonşulara tibbi xidmət göstərmək üçün evlərə gedirdi. Bundan sonra qonşular mənimlə soyuq davranmağa başladı. Bəzi qonşularla münasibətim yaxşı idi, son vaxtlar onlar da mənimlə soyuq salamlaşdı. Yoldaşımla bu barədə danışdım və dedim ki, bir də evlərə iynə vurmağa getməsin. O isə buna etiraz etdi. Ürəyimdə şübhələr yaranmağa başladı. Evlərə gedirdi, 3-4 saatla evə gəlmirdi. Başladım ondan şübhələnməyə. Sonra ona cavan kişilərə iynə vurmağı qadağan etdim. Dedim ki, yalnız yaşlı insanlar çağırsa, gedərsən. Yenə mənə etiraz etdi.
Hadisə günü işdən gəlib, evdə uzanmışdım. Yoldaşım məni çay içmək üçün həyətə çağırdı, getmədim. Dedim ki, çayı evə gətirsin. Əlində telefon çayı gətirdi. Çayı gətirəndə soruşdum ki, kiminlə yazışırsan. Mənə sərt cavab verdi. Durub onu yumruqla bir neçə dəfə vurdum. Səsə qayınanam gəldi, qızını vurduğum üçün məni təhqir etdi. Əsəbiləşdim, mətbəxdən bıçağı götürüb yoldaşımı vurdum. Yoldaşım həyətə qaçdı, qayınanam araya girdi, onu itələyib yoldaşımın arxasınca qaçdım, həyətdə onu tutub bir neçə bıçaq zərbəsi vurdum. Yoldaşım yıxıldı. Bir də ayıldım ki, yoldaşım qan içindədir. Əməlimdən peşman olub özümü də bıçaqladım.
Onu öldürmək məqsədim olsaydı, heç kim mənə mane ola bilməzdi. Sadəcə şübhələrimə qalib gələ bilmədim. Əgər yoldaşım mənim üstümə qışqırmasaydı, bu hadisə də olmazdı”.
"Yumruqla vurdu, saçımdan tutub sürüdü"
Prosesdə zərərçəkmiş şəxs də ifadə verib. O bildirib ki, əvvəllər ailədaxili münaqişələri olmayıb: “Son iki ildə əsəbləri pozulmuşdu, mütəmadi olaraq məni döyürdü. Hadisə günü ona evə çay apardım. İçəri girib gördüm ki, divanda uzanıb, rəngi qaralıb. Soruşdum ki, nə olub, cavab vermədi. Çayı qarşısına qoydum. Bir də soruşanda qəfil yerindən durub, qolumu burdu, məni yumruqla döyməyə başladı. Sonra saçımdan tutub sürüdü. Səsə anam gəldi, mane olmaq istədi. Hüseyn məni buraxıb otaqdan çıxdı. Anama dedim ki, qışqırmasın, qonşular eşidir. Çölə çıxanda gördüm ki, Hüseyn əlində bıçaq anamın üstünə gəlir. Həyətə çıxıb qışqırıb qonşuları köməyə çağırmaq istədim. Hüseyn həyətdə məni arxadan tutub, başladı bıçaqlamağa. Məni vura-vura deyirdi ki, səni ölənə qədər deşik-deşik edəcəm. Səsə qonşuda yaşayan baldızım gəldi, Hüseyni itələyib məndən ayırdı. Sonra Hüseyn özünü də bıçaqladı”.
Sənədlərin tədqiqindən sonra məhkəmə istintaqı yekunlaşıb və təqsirləndirilən şəxs barədə qərar verilib.
Qərara əsasən, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 29,120.2.4- cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini anlaqsız vəziyyətdə törətməsi sübuta yetirilmiş hesab olunub və o, cinayət məsuliyyətindən azad edilib, barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilib. Qərarın icrası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına tapşırılıb.