Close

85 yaşlı anasını odunla döyə-döyə... - Dəhşətli hadisənin tükürpədən detalları

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində anasını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Quba rayon sakini Zülfüqar İsmixanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

TNS dəhşətli cinayət hadisəsinin təfərrüatlarını təqdim edir.

İttihama görə, hadisə ötən il dekabrın 27-si saat 22 radələrində Quba rayonunun Bağbanlı kəndində baş verib. Kənd sakini, 1937-ci il təvəllüdlü Zöhrə İsmixanovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Araşdırmalarla 1974-cü il təvəllüdlü Zülfüqar İsmixanovun yaşadıqları evdə sərxoş vəziyyətdə aralarında yaranmış mübahisə zamanı anası Zöhrə İsmixanovaya odun parçası ilə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Zülfüqar İsmixanov iş üzrə şübhəli şəxs qismində tutulub.

Məhkəmədə ifadə verən təqsirləndirilən şəxs özünü ittihamlarda təqsirli bilməyib. O qeyd edib ki, həmin gün sərxoş vəziyyətdə olub: “Hadisə baş verdiyi gün bir qədər spirtli içki qəbul etmişdim. Həmin vaxt həyat yoldaşım və övladlarım qonşuda idi. Anamın yüksək təzyiqi var idi, bu səbəbdən tez-tez yıxılırdı. Hadisə baş verdiyi gün də onun halı pisləşdi, yuxarı mərtəbədən pilləkənlərlə yıxılaraq aşağı mərtəbəyə düşdü. Həmin vaxt aşağıda otaqda uzanmışdım. Durub anamın yanına gəldim, üzünə su vurdum. Nəfəs alırdı. Heç bir mübahisəm olmayıb”.

"Odunla başından zərbələr endirdim, sürüyüb aşağı mərtəbəyə gətirdim"

Təqsirləndirilən şəxsin ibtidai istintaqa verdiyi ifadə ilə məhkəmə ifadəsi arasında ziddiyyət yaranıb. Məhkəmə onun ibtidai istintaqa verdiyi ifadəsini elan edib.

İkinci qrup əlil olduğunu deyən təqsirləndirilən şəxs ifadəsində göstərib ki, anası Zöhrə də onlarla birlikdə yaşayıb: “Spirtli içki aludəçisi olmuşam. İçki qəbul edəndə əsəbi oluram. Bir neçə dəfə evdə mübahisəm olub, həyat yoldaşımı döymüşəm.

27 dekabr 2023-cü il tarixdə səhər saatlarında evə bazarlıq etmək üçün Quba şəhərinə getmişdim. Mağazadan 0.5 litrlik araq və ərzaq məhsulları alıb evə qayıtdım. Otaqda spirtli içki qəbul edirdim. Arağın yarısını içdikdən sonra sərxoş oldum. Anam evin ikinci mərtəbəsində, öz otağında idi. Televizora baxırdım. Anam içdiyimi gördü, başladı narazılıq etməyə. Əsəbiləşib anamın otağına qalxdım. Otaqda odun sobası yanırdı. Yerdə odunlar var idi. Anam məni görüb yenə başladı deyinməyə. Odun sobasının yanında olan odun parçasını götürüb anam tərəfə atdım ki, sakit olsun. Odun onun başından dəydi. Anam yenə başladı məni söyməyə. Odunu götürüb onun başından bir neçə zərbə endirdim, qolundan tutub sürüyüb aşağı mərtəbəyə, öz otağıma gətirdim, qışqırdım ki, sakit dayansın. Anamı vurmaqda məqsədim o olub ki, sakit dayansın, televizora baxım.

Anamın halı qəfil pisləşdi. Ehtirama zəng etdim ki, gəlsin anamı xəstəxanaya aparaq. Ehtiram gəldi, amma bizi xəstəxanaya aparmadı. Mən təcili yardıma zəng vurdum. Anamın vəziyyəti bir az da pisləşdi, danışa bilmədi. Bir az sonra təcili yardım və polis gəldi”.

"Atam dedi ki, bunu nə qədər döyürəm ölmür, canı it canıdır"

Prosesdə təqsirləndirilən şəxsin oğlu da ifadə verib. O bildirib ki, atası mütəmadi olaraq spirtli içki qəbul edib, anası və nənəsini döyürmüş: “Bizi çox istəyirdi. Amma anamla nənəmi həmişə döyürdü. Bir neçə dəfə anam buna görə polisə şikayət də etmişdi. Hadisə günü də atam anamı və nənəmi döydü. Anam qaçıb qonşu Pərvanəgilə getdi, mən də onun arxasınca getdim. Bir saatdan sonra qayıtdıq. Evə girəndə atam əsəbiləşib anamı yenidən döyməyə başladı. Anam yenidən qaçıb qonşuya keçdi, atam başladı nənəmi döyməyə. Atam nənəmi döyə-döyə “bunu nə qədər döyürəm ölmür, elə bil canı it canıdır”, - dedi. Mən də anamın arxasınca getdim. Anam polisə zəng vurdu. Biz evə qayıdanda yolda Ehtiramı gördük. Bizə dedi ki, nənəmin vəziyyəti pisdi, başından qan axır. Biz evə gələndə polis və təcili yardım gəlmişdi. Bizi evə buraxmadılar. Sonra dedilər ki, atam nənəmi odunla vurub öldürüb”.

Prosesdə məhkəmə istintaqı yekunlaşıb və təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Z. İsmixanov 14 il 6 ay azadlıqdan məhrum edilib.