13 yaşlı qız atasından hamilə qaldı və... - Azərbaycandakı dəhşətli hadisənin təfərrüatı
Şəki Ağır Cinayətlər Məhkəməsində doğma qızına təcavüz etməkdə təqsirləndirilən Təvəkkül Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
TNS dəhşətli cinayətin təfərrüatlarını əldə edib.
İttihama görə, T. Məmmədov uzun müddət həbsdə olub. Həbsdən azad olunandan sonra qızını və oğlunu keçmiş həyat yoldaşından alaraq, özü ilə saxlayıb. O, 13 yaşlı qızına təcavüz edərək, bir ildən artıq onunla cinsi əlaqədə olub. Yeniyetmə doğma atasından hamilə qalandan sonra məsələnin üstü açılıb. Qızın hamilə qalması oxuduğu orta məktəbdə müəllimlər tərəfindən aşkarlanıb.
"Arvadım həbsxana yoldaşıma ərə getdi"
Məhkəmədə ifadə verən təqsirləndirilən şəxs ittihamları qəbul etməyib və keçmiş həyat yoldaşı tərəfindən şərləndiyini iddia edib: “Leyla mənim doğma qızımdır. Cəzaçəkmə müəssisəsindən çıxandan sonra onunla birlikdə yaşamışam, mənim himayəmdə olub. Leylaya namaz qılmağı öyrətmişəm, məktəbə özüm aparıb gətirmişəm. 2018-ci ildə mən həbsdə ola-ola arvadım Tahirə mənim həbsxana yoldaşıma ərə gedib. Həmin vaxt mənim nikahlı həyat yoldaşım idi. Həbsdən çıxana qədər uşaqlarıma qayınanam baxırdı. Tahirə isə ərdə idi. Mən həbsdə olanda Tahirə cəzaçəkmə müəssisəsinə, həbsxana yoldaşımın yanına gəlirdi. Hamı onun mənim həyat yoldaşım olduğunu bilirdi, orada biabır olmuşdum”.
Təvəkkül bildirib ki, cəzasını başa vurandan sonra uşaqlarını tələb edib: “Həbsdən çıxıb qayınanama zəng vurdum, uşaqları istədim. Uşaqları evimə gətirib, işləyib onları dolandırmışam. Nə narkotikdən istifadə etmişəm, nə də spirtli içki içmişəm. Namaz qılıram. Leylaya da namaz qılmağı öyrətmişəm. Qızımı anası öyrədib, məni şərləyir. Mən o qədər şərəfsiz deyiləm ki, doğma qızıma təcavüz edim. Bu, mənim həyat yoldaşımın şərləridir. O, mənim türmədən çıxmağımı istəmir, ona görə də uşağı öyrədib məni yenidən tutdurmaq istəyir”.
"Qızıma təcavüz edəni anası tanıyır"
Təqsirləndirilən şəxs zərərçəkmiş qızından və özündən qan analizinin götürülməsini istəyib: “Mən istəyirəm ki, qan analizi götürülsün, yoxlanılsın. Mənim qanımda bir neçə xəstəlik var. Əgər həmin xəstəlik onda da aşkarlanarsa, onda inanaram. Məhkəmə qan analizlırini tələb etsin.
Qızıma kimin təcavüz etdiyini anası yaxşı bilir. Çünki o, anasının əli ilə zorlanıb. Uşağın atasının kimliyi ilə bağlı ekspertiza saxta rəy verib. Qızım anasının yanına gedib-gəlirdi. Ondan sonra hamilə qalıb. Mən həbsdə olanda məhkum yoldaşım evimdə qalıb. Tahirə qızı olan evə keçmiş məhkumu gətirib, mənim evimdə saxlayıb”.
"Mənə anamla danışmağı qadağan etdi"
Məhkəmədə zərərçəkmiş şəxs də ifadə verib. O bildirib ki, atası həbsdən çıxandan sonra həmişə onunla bir yataqda yatıb, ona qarşı seksual hərəkətlər edib, onu ehtirasa gətirib: “Mən atamla qalırdım. Evdə atam, qardaşım, nənəm və mən yaşayırdıq. 2016-cı ildə atam 6 il həbs cəzası aldı. Bundan sonra anam dolanışığın ağır olmasını bəhanə edərək, bizi rayonda nənəmlə babamın yanına qoydu, özü Bakıya gəldi. Təxminən 1 həftə babamgildə qalandan sonra anam bizi Bakıya – Sulutəpə qəsəbəsinə gətirdi. Orada anam Nicat adlı bir kişi ilə yaşayırdı. Nicat məni 217 saylı orta məktəbə düzəltdi, mən orada təhsilimi davam etdirdim. Bir müddətdən sonra anam hamilə olduğu üçün başqa ünvana köçdük. Bir müddətdən sonra isə rayona qayıtdıq.
Atam həbsxanadan çıxandan sonra bizi himayəsinə aldı. O, həmişə mənimlə bir yataqda yatıb. Əvvəl atam məni ata-bala kimi qucaqlayıb yatırdı. Təxminən bir həftə belə yatdıq. Bir həftədən sonra atam gecələr məni qucaqlayanda intim hərəkətlər etməyə başladı. Əlini bədənimin intim nayihələrinə toxundurur, məni ehtirasa gətirməyə çalışırdı. Bir dəfə o, mənimlə cinsi əlaqədə oldu. Sonra məni hədələdi ki, bu barədə heç kimə deməyim. Mənə anamla danışmağı qadağan etdi. Anam da məndən küsdü.
"Atam dedi ki, üstü açılsa, de ki, Rəhim zorlayıb"
Leyla deyib ki, atası onunla bir il cinsi əlaqədə olub: "Həmişə də mənə deyirdi ki, bu barədə heç kimə heç nə deməyim.
2023-cü ilin may ayında atam məhkum yoldaşı, əslən Şəkidən olan Rəhim adlı şəxslə bizə gəldi. Rəhim gecəni bizdə qaldı. Sonra atam Rəhimlə Şəkiyə getdi. 2023-cü ilin oktyabr ayında qarnımın böyüdüyünü görüb hamilə olduğumu başa düşdüm. Bu barədə atama dedim. Atam məni hədələdi və bildirdi ki, məni bu vəziyyətdə həkimə apara bilməz. Mənə nə vaxtsa işin üstü açılsa, məni Rəhimin zorladığını deməyimi tapşırdı.
Məktəbə gedəndə üst paltarımı soyunmurdum ki, hamilə olduğum bilinər. 14 fevral 2024-cü il tarixdə məktəbdə tədbir keçirilərkən müəllimlər mənə üst geyimimi çıxarmağı tələb etdi. Nə qədər israr etsəm də, alınmadı. Üst geyimimi soyunanda Pərvanə və Vüsalə müəllimə hamilə olduğumu anlayıb məni sorğu-sual etdilər. Dedim ki, atamın məhkum yoldaşı Rəhim ilə cinsi əlaqədə olmuşam. Rayon İcra Hakimiyyətinin, başqa qurumların nümayəndələri gəldi, məni müayinədən keçirəndə məlum oldu ki, 34 həftəlik hamiləyəm”.
"Polisdən öyrəndim ki, qızım hamilədir"
Prosesdə zərərçəkmişin anası da ifadə verib. O bildirib ki, qızının hamilə olması ilə bağlı məlumatı polisdən öyrənib: “Qızım 2009-cu il təvəllüddür. 2022-ci ildə atası həbsdən çıxandan sonra uşaqları məndən aldı, özü saxladı. 5-6 ay sonra qızım mənimlə əlaqəni kəsdi, telefonda məni blok etdi. Nə olduğunu anlamadım. Həmin vaxtdan sonra mən Leyla ilə danışmamışam. 2024-cü ildə İsmayıllı Rayon Polis Şöbəsindən mənə zəng vurub, dəvət etdilər. Şöbədə bildirdilər ki, qızım hamilədir. Mən ondan sonra qızımla görüşüb, danışa bilmişəm. O vaxta qədər atası qızımın mənimlə danışmasına qadağa qoymuşdu. Polisdən çıxandan sonra qızımla danışanda dedi ki, atası onunla bir ildən artıqdır, mütəmadi cinsi əlaqədə olur”.
Məhkəmə istintaqı yekunlaşandan sonra təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə T. Məmmədov 9 il azadlıqdan məhrum edilib.