Gənc qadının və sevgilisinin meyitlərini yandırdılar - Dəhşətli hadisənin üstü 5 il sonra açıldı
Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Qubada 5 il əvvəl qətl törətməkdə təqsirləndirilən Osman Ömərov və Əflatun Əspəndiyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
TNS dəhşətli qətlin təfərrüatlarını təqdim edir.
İttihama görə, 2017-ci ildə Quba rayonunun Küpçalqışlar kəndi ərazisindəki Qudyalçayın üzərindəki körpünün altında yandırılan "VAZ-2106" markalı avtomobilin içərisində Xaçmaz rayon sakinləri - 1984-cü il təvəllüdlü Rəhman İşıqov və 1998-ci il təvəllüdlü Ülviyyə Məmmədovanın yanmış meyitlərinin aşkarması faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb istintaq aparılsa da, cinayəti törətmiş şəxsi (şəxsləri) müəyyən etmək mümkün olmadığından iş üzrə icraat dayandırılıb.
Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən cinayət işi yenidən öyrənildikdən sonra 2022-ci ildə iş üzrə dayandırılan icraat təzələnib, həyata keçirilən istintaq və əməliyyat tədbirləri ilə cinayətin üstü açılıb. Məlum olub ki, Xaçmaz rayon sakini, 1994-cü il təvəllüdlü Osman Ömərov 2017-ci iyulun 6-dan 7-ə keçən gecə Ülviyyə Məmmədova və Rəhman İşıqovla yaşadığı kəndin ərazisində görüşüb, aralarında yaranmış mübahisənin gedişində Ülviyyə Məmmədovaya deşici alətlə xəsarət yetirib. Eyni zamanda Rəhman İşıqova da bıçaqla bir neçə dəfə zərbə endirib. Daha sonra cinayətin izini itirmək üçün yol-nəqliyyat hadisəsi görüntüsü yaratmaq məqsədilə Ülviyyə Məmmədova və Rəhman İşıqovun meyitlərini sonuncuya məxsus avtomobilin içərisində Qudyalçayın üzərindəki körpünün altında yandırıb.
Toplanan mötəbər sübutlar əsasında Osman Ömərov 19 may 2022-ci il tarixdə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə cinayət məsuliyyətinə cəlb olunub.
Cinayətdən boyun qaçırma bəhanələri
Məhkəmədə ifadə verən təqsirləndirilən şəxs Osman Ömərov hadisədən xəbərsiz olduğunu bildirib. O ifadəsində göstərib ki, bu cinayət hadisəsi ilə heç bir əlaqəsi yoxdur: “Ülviyyəni tanıyırdım, amma ailəsini yox. O, tüfeyli həyat yaşayırdı, Rəhmanı da yaxşı insan kimi tanımışam. Hadisə törədilən vaxt maşınım olmayıb. Hadisə vaxtı heç biri ilə görüşməmişəm, əmim oğlu ilə də bir yerdə olmamışam. Növbəti gün Əflatunu qoluna görə Qubaya aparırdım, yolda zəng gəldi, Quba Rayon Polis Şöbəsindən çağırdılar, daha sonra prokurorluğa aparıldım. Şöbədə Kamranın şikayət ərizəsinə görə ifadə verdim”.
Təqsirləndirilən şəxs məhkəmə ifadəsində hadisədə iştirakını təkzib etsə də, ibtidai istintaqda cinayəti etiraf edib: “Əvvəllər “VAZ-21015” markalı maşınım var idi, taksi kimi fəaliyyət göstərirdim. Ülviyyəni taksi sürücülüyü kimi işləyəndən tanıyıram. Bir müddət sonra əlaqələrimiz yarandı, intim münasibətdə olduq. Bilirdim ki, əxlaqsızlıq edir. Rəhmanı isə usta kimi tanıyırdım, maşınımı ona təmir etdirirdim. Mehriban insan idi. Bir neçə dəfə çörək də yemişik".
"Ailəmdəki qadınlar haqda pis fikirə düşmüşdü"
Osman Ömərov bildirib ki, 6 iyul 2017-ci il tarixdə saat 22:30 radələrində əmisi oğlu ilə zəngləşib Xaçmaz rayonu Yergüc kəndi ərazisində görüşüblər: "Həmin gün Rəhmanla danışmışdım. Təxminən saat 22 – 23 radələrində Ülviyyə ilə danışdıq, dedi ki, mənimlə görüşmək istəyir. Bu məqsədlə Əflatunla birlikdə Xaçmaz rayonunun Yergüc kəndində dayanacağa getdik, orada Rəhmanla da görüşdük. Sonra Ülviyyə gəldi, onu götürüb Quba rayonuna doğru getdik. Ülviyyə dedi ki, yaxşı hava var, piyada gəzək. Razılaşdım, söhbət edə-edə yola davam etdik. Bir az sonra Rəhman maşınla gəlib yanımızda saxladı. Maşından düşən kimi Ülviyyəni şillə ilə vurdu, o da yıxıldı. Ülviyyədən soruşdu ki, niyə telefona cavab vermir? Ülviyyə isə bildirdi ki, bunu bilərəkdən edir, Rəhman onun ailəsi haqqında nalayiq sözlər danışıb. Bildirdi ki, Rəhman yas mərasimində mənim ailəmdəki qadınları söyüb. Rəhman siqaret götürmək adı ilə maşına gedib, oradan dəmir vintaçanı götürdü, Ülviyyənin boğazından vurub, yerə yıxdı. Rəhmanla birlikdə Ülviyyəni maşına qoyduq. Ona dedim ki, necə vurub, elə də aparsın həkimə. Rəhman dedi ki, Ülviyyəni bağına aparacaq, tanış həkimi var, onu çağırıb yardım edəcək.
“Dedi ki, düş, səndən üzr istəyəcəm”
Osman Ömərov maşına əyləşib Rəhmanın bağına tərəf yollandıqlarını bildirib: "Yolda ondan soruşdum ki, niyə mənim ailəmdəki xanımlar haqqında pis fikrə düşmüsən? Boynuna almadı. Bağa çatmağa az qalmış Rəhman maşını saxlayıb düşdü, mənə dedi ki, düş, səndən üzr istəyəcəm. Maşından düşüb Rəhmənla söhbət edəndə gördüm ki, onun əlində vintaçan var. Bir az məsafə saxladım ki, məni vurmasın. Bu vaxt Rəhman yumruqla başımdan vurdu. Cibimdəki bıçağı çıxarıb Rəhmanın boğazına zərbə endirdim. Deyəsən, iki dəfə vurdum, yerə yıxıldı. Baxdım ki, ölüb. Onu götürüb maşına yerləşdirdim. Maşınla Qubaya doğru gedən yolda, körpünün üstündə təkər partladı. Bundan sonra maşını həmin yerdə Qudyalçaya atmaq qərarına gəldim ki, izi itirim. Maşının yük yerində benzin var idi. Əflatun benzini götürdü, maşının içərisinə töküb od vurdu. Ülviyyə maşının içində sağ idi, amma Rəhman ölmüşdü”.
"Meyitlərlə birlikdə maşını və əynimizdəki paltarları yandırdıq"
Prosesdə ifadə verən digər təqsirləndirilən şəxs Əflatun Əspəndiyev isə bildirib ki, Rəhmanı öldürəndən sonra onlar izi itirmək istəyiblər: “Avtomobilin təkəri partladı, nə edəcəyimizi bilmədik. Qərara gəldik ki, maşını üzü üstə çaya ataq. Maşını yoldan aşağı düşürüb, orada od vurmaq istədik. Düşündük ki, kənardan alov görünəcək. Ona görə də qapıları bağladıq, arxadan itələyib çaya atdıq. Maşın çaya düşdü, yük yeri açıldı. Baxdım ki, yük yerində benzin var. İz itirmək üçün avtomobili yandırmaq qərarına gəldik. Osman özünü itirmişdi. Benzini maşının içinə və Ülviyyə ilə Rəhmanın üstünə töküb od vurdum. Sonra hadisə yerindən uzaqlaşdıq. Bir az kənarda dayanıb əynimizdəki şalvar və köynəkləri çıxarıb yandırdıq.
Rəhman Ülviyyəni sevirdi, Osman isə Ülviyyə ilə intim münasibətdə olmuşdu. Hətta bir neçə dəfə Rəhman Osmandan xahiş etmişdi ki, Ülviyyədən əl çəksin. Osman isə deyirdi ki, Ülviyyə məndən əl çəkmir”.
İş üzrə məhkəmə istintaqı yekunlaşıb və təqsirləndirilən şəxslərə hökm oxunub.
Hökmə əsasən, Osman Ömərov ömürlük, Əflatun Əspəndiyev isə 18 il azadlıqdan məhrum edilib.