Close

Bərabər yola çıxdılar, ölüm xəbərləri gəldi - İki qardaşın faciəli sonu...

Lənkəran Ağır Cinayətlər Məhkəməsində iki nəfərin ölümü ilə nəticələnən yol qəzasında təqsirləndirilən Anar Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

TNS dəhşətli qəzanın təfərrüatlarını əldə edib.

Hadisə Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Ağcabədi rayonu ərazisindən keçən hissəsində baş verib. A. Ağayevin idarə etdiyi “Toyota Corolla” markalı avtomobil yolda hərəkətdə olarkən ehtiyatsızlıqdan qarşı hərəkət zolağına çıxıb, “VAZ-2107” markalı avtomobillə toqquşub. Nəticədə “VAZ-2107”də olan sərnişinlər - Elvin Hüseynov və onun qardaşı Orxan Hüseynov ölüb, avtomobilin sürücüsü Emin Məmmədov ağır xəsarət alıb.

“Traktor olmasaydı, qəza baş verməyəcəkdi”

Məhkəmədə ifadə verən təqsirləndirilən şəxs bildirib ki, Ağcabədi rayonu Hacıbədəlli kəndində bir nəfərdən söz soruşmaq üçün maşını yolun kənarında saxlayıb. Daha sonra həmin yerdən geriyə dönüb qayıtmaq istədikdə “Mercedes” markalı maşının gəldiyini görüb və keçib getməsini gözləyib: “Həmin maşın keçəndən sonra arxası ilə bir “VAZ-2107” gəldi, onunla bir yerdə, eyni istiqamətdə yola çıxdım. Onun arxası ilə də traktorun gəldiyini gördüm. “VAZ-2107” ilə birlikdə eyni istiqamətdə Ağcabədiyə dönəndə siqnal səsi eşitdim, əyləci basdım və toqquşduq. Əgər “VAZ-2107”nin qarşısında traktor olmasaydı, qəza baş verməzdi. “VAZ-2107”ni traktorun qoşqusu, məni isə qarşıdan gələn avtomobil çaşdırdı. “07” mənim maşınıma dəyib qarşıdakı işıq dirəyinə çırpıldı”.

Qardaşı ilə işləməyə gedirdi...

Hadisə nəticəsində dünyasını dəyişən Orxan Hüseynovun atası da ifadə verib. O bildirib ki, oğlu həmin gün azad edilmiş ərazilərə işləməyə gedirmiş: “Orxan işsiz idi. Qardaşı və bir neçə nəfər tanışı ilə danışıb razılaşmışdılar ki, azad olunmuş ərazilərə gedib, orada işləsinlər. Evdən çıxdı, yolda qəzaya düşdü, dünyasını dəyişdi. Anarla heç bir ədavətimiz yoxdur, qəsdən olmayıb, şikayətçi deyiləm”.

“Dedilər ki, Elvin danışa bilmir”

Hadisə nəticəsində dünyasını dəyişən digər sərnişin Elvin Hüseynovun həyat yoldaşı da ifadəsində bildirib ki, E. Hüseynov kəndliləri ilə birlikdə işləməyə gedirmiş: “Elvin, qaynım Orxan və həmkəndliləri Eminlə birlikdə azad olunmuş ərazilərə gedirdilər. Həmin gün Elvini yola salıb xəstəxanaya getdim. Xəstəxanadan qayıdanda Elvinə zəng vurdum, telefonu Emin açdı. Emin dedi ki, yüngül qəza keçirmişik. Dedim, telefonu Elvinə versin. Dedi ki, Elvin danışa bilmir, Ağcabədi xəstəxanasına gediblər. Dərhal ora yollandıq. Yolda Elvinin telefonuna zəng vurdum, tibb bacısı açdı, dedi ki, o, komadadır. Yolda qaynım Orxan Hüseynovun vəfat etdiyini öyrəndik. Xəstəxanaya çatanda isə dedilər ki, Elvin də ölüb  2 azyaşlı övladım var, biri 9, o biri 8 yaşındadır. Anardan şikayət və tələbim yoxdur”.

Məhkəmə istintaqı yekunlaşandan sonra təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə, A. Məmmədov 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 5 (beş) il azadlıqdan məhrum edilib.