Close

"Demişdim ki, deyilənlər düz olsa, başını..." - Dəhşətli hadisənin təfərrüatları

Lənkəran Ağır Cinayətlər Məhkəməsində Ağcabədidə qardaşının arvadını öldürməkdə təqsirləndirilən Elgiz Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

TNS dəhşətli qətl hadisəsinin təfərrüatlarını təqdim edir.

İttihama görə, təqsirləndirilən şəxs Elgiz Məhərrəmov qardaşının həyat yoldaşı Nəzmiyyə Məhərrəmovanı xüsusi amasızlıqla qətlə yetirib.

E. Məhərrəmov Ağdamda qardaşının qonşuluğunda yaşayan Həsən adlı şəxslə qardaşı arvadının yaxın münasibətdə olduğunu dəqiqləşdirdikdən sonra qadını öldürmək qərarına gəlib. Bu məqsədlə 2024-cü ilin may ayının 2-də Ağcabədi rayonuna, qadının atasının evinə gedərək, orada Nəzmiyyə Məhərrəmovanın başını kəsib.

“Dedim ki, bu söhbət düz olsa, başını kəsəcəyəm”

Məhkəmə prosesində ifadə verən təqsirləndirilən şəxs özünü ittihamlar üzrə təqsirli bilib və hadisənin təfərrüatlarını danışıb. E. Məhərrəmov bildirib ki, hadisəni həqiqətən qısqanclıq zəminində və bilərəkdən törədib.

Deyib ki, qardaşı arvadının pis yola düşməsinə tam əmin olandan sonra onu öldürməyə qərar verib: “Qardaşım Çingiz həyat yoldaşı və uşaqları ilə Ağdam rayonunun Əhmədalılar kəndində yaşayırdı. Mən isə anam, həyat yoldaşım və azyaşlı qızımla Bakıda, Xəzər rayonunun Qala qəsəbəsində qalıram. Bu ilin mart ayında evdə anamın telefonunda “Whatsapp”a baxırdım. Gördüm ki, qardaşım Çingiz anama səs atıb. Açıb dinlədim. Bir qadının Çingizə "Sən kişi deyilsən. Kişi olsan, arvadın başqası ilə gəzməz. Qüruru olan kişi evində belə qadını saxlamaz. Sənin arvadın mənim bacımın ailəsini dağıdır", - deyirdi.

Mesajı dinləyəndən sonra Çingizə zəng vurdum. Çingiz dedi ki, qonşu Həsənin baldızı göndərib həmin səsi. Qardaşım bildirdi ki, mart ayında Həsənin arvadı onun evinə gələrək arvadı Nəzmiyyə ilə dalaşıb. Nəzmiyyəyə onun əri Həsənlə münasibəti olduğunu deyərək, ərindən əl çəkməsini, onun ailəsini dağıtmamasını tələb edib. Bundan sonra Çingizlə Nəzmiyyə arasında da mübahisə yaranıb. Çingiz Nəzmiyyədən bu barədə soruşanda Nəzmiyyə Həsənin arvadının danışdıqlarının böhtan olduğunu və Həsənlə heç bir münasibətinin olmadığını bildirib. Çingiz bundan sonra Nəzmiyyəni atası evinə qovdu və boşanmaq istədiyini bildirdi. Nəzmiyyə bir neçə gün Ağcabədidə, atasının evində qalandan sonra Çingiz bacanağının məsləhəti ilə yenidən ailəsini geri qaytardı.

Bu məsələdən sonra zəng vurub, Nəzmiyyə ilə danışdım. Ona dedim ki, məsələni araşdıracağam, əgər deyilənlər doğru olsa, başını kəsəcəyəm.

 Nəzmiyyə mənə Həsənlə heç bir münasibətinin olmadığını dedi”.

“Çingizlə danışıb qərarımı verdim”

Təqsirləndirilən şəxs deyib ki, bir müddət sakitlik olsa da, bir gün o qardaşı Çingizlə danışarkən, qardaşı telefonda ağlayıb: “Səbəbini soruşdum ki, niyə ağlayır. Çingiz dedi ki, Nəzmiyyəni Həsənlə telefonda danışarkən tutub. Dedi ki, Nəzmiyyə Həsənin adını mobil telefonuna “Günay 4” kimi yazıb. Nəzmiyyə Çingizə etiraf edib ki, Həsənlə aralarında sevgi münasibəti var və onlar görüşürlər. Çingiz bildirdi ki, Nəzmiyyəni yenidən atası evinə qovub və ondan boşanmağa qərar verib. Çingizlə danışandan sonra qərar verdim ki, artıq Nəzmiyyənin başını kəsməliyəm.

“Saçından tutub, başını kəsib yerə atdım”

Mayın 1-də axşam saatlarında Qala qəsəbəsində yerləşən “Evkur” ticarət mərkəzindən bir ədəd açılıb-qatlanan cib bıçağı alıb, ayın 2-də Ağcabədinin Sarıcalı kəndinə - Nəzmiyyənin ata evinə yollandım. Həyətə daxil oldum, heç kim yox idi. Evə girdim, Nəzmiyyənin yataq otağına getdim. Nəzmiyyə yerdə döşəyin üstündə uzanmışdı. Kəmərin altından bıçağı çıxarıb, Nəzmiyyəyə tərəf gedəndə o, məsələnin nə yerdə olduğunu anladı. Məni görən kimi yerindən qalxıb, dizi üstə pəncərəyə tərəf qaçdı. Sol əlimlə Nəzmiyyənin saçından tutub, özümə çəkdim, bıçaqla boğazının sağ və sol tərəflərindən zərbə endirdim, sonra başını kəsib yerə atdım. Otaqdan çıxanda Nəzmiyyənin bacısı İlahə ilə qarşılaşdım. O, bıçağı və əllərimin qana batdığını görüb, başqa otağa qaçdı”.

Təqsirləndirilən şəxs deyib ki, qətli törədəndən sonra bıçağı da özü ilə götürüb, taksi ilə Ağdam rayon Polis Şöbəsinə gedib: “Yolda birinci bibim oğlu Gündüzə zəng etdim, dedim ki, Nəzmiyyənin başını kəsmişəm, gedirəm polisə təslim olmağa. Daha sonra Çingizə zəng vurdum. Bundan sonra isə Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edib, məlumat verdim. Sonra polisə təslim oldum”.

"Atam Nəzmiyyə ilə Həsəni evimizdə döydü”

Prosesdə qətlə yetirilən Nəzmiyyənin bacısı da ifadə verib. O, ifadəsində Nəzmiyyənin Həsənlə münasibətdə olduğunu təsdiqləyib: “Sonuncu dəfə 23-24 aprel tarixlərində Nəzmiyyə acıq edib, atam evinə gələndə, Həsən də onunla gəlmişdi. Həsəni əvvəlcədən tanıyıram, Nəzmiyyə bir neçə dəfə atamgilə Həsənlə gəlib. Sonuncu dəfə də Həsənlə birlikdə gəlmişdi. Anam atama zəng vurub, təcili evə çağırdı. Atam evə gəlib, Nəzmiyyəni döyməyə başladı. Bunu görən Həsən atamın üstünə yeridi. Atam Həsəni də şillələyib yerə yıxdı, təpiklədi. Həsən durub getdi. Kimsə atama Nəzmiyyə ilə Həsənin münasibətlərini demişdi. Atam da ona görə bunların hər ikisini döydü”.

Nəzmiyyə telefonda Həsənin adının “Günay4” yazmışdı

Prosesdə təqsirləndirilən şəxsin qardaşı, qətlə yetirilən Nəzmiyyənin həyat yoldaşı Çingiz də ifadə verib. O, ifadəsində Nəzmiyyə ilə Həsənin münasibətlərini təsdiqləyib və ondan boşanmaq qərarı verdiyini bildirib: “Aprelin 23-də Nəzmiyyənin yatdığı otağa keçən zaman onun “SAMSUNG” markalı mobil telefonuna zəng gəldiyini, telefonun səssiz rejimində olduğunu gördüm. Zəng edən şəxsin adı “Günay 4” yazılmışdı, amma nömrə qonşu Həsənin idi. 3 dəfə zəng gəlmişdi. Nəzmiyyəni yuxudan oyadıb, Həsənin nömrəsini hansı səbəbdən telefona “Günay 4” yazdığını soruşdum. Nəzmiyyə dedi ki, guya o telefona ad yaza bilmir, nömrəni qızı Güllü yazıb. İnanmadım, dalaşdım və qərar verdim ki, boşanıram. Nəzmiyyə paltarlarını yığıb, atası evinə getdi. Telefonda Həsənin adının “Gunay4” yazılmasınən şəklini çəkmişdim. Şəkli Nəzmiyyənin bacılarına göndərib, onlara məsələni izah etdim. Onlara da dedim ki, boşanıram. Bacıları da heç nə demədilər”.

 Digər şahidlərin ifadəsindən sonra məhkəmə istintaqı yekunlaşıb və təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə, E. Məhərrəmov 10 il 6 ay azadlıqdan məhrum edilib.