Close

“Dedi ki, qardaşının oğlanları məni...” - Xəyanətə görə törədilən dəhşətli hadisənin təfərrüatları

Lənkəran Ağır Cinayətlər Məhkəməsində qardaşı oğlunun və onun anasının qətlində təqsirləndirilən Ziya Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

TNS dəhşətli hadisənin təfərrüatlarını təqdim edir.

İttiham aktında göstərilib ki, Salyan rayonundakı Pambıqkənddə 1963-cü il təvəllüdlü Rahilə Əliyeva və onun oğlu, 1992-ci il təvəllüdlü Bəhruz Əliyev qətlə yetirilib. Hadisədən sonra onların qohumu Ziya Əliyev könüllü şəkildə təslim olub.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsilə cinayət işi başlanıb.

Xəyanət şübhəsi ilə qətlə yetirilən iki nəfər

İttihama görə, Z.Əliyev 2009-cu ildə nartotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə 10 il azadlıqdan məhrum edilib. O, həbsdə olduğu müddətdə - 2009 və 2016-cı illərdə  iki övladı dünyaya gəlib. 2019-cu ildə azadlığa buraxılandan sonra daha bir övladı anadan olub. Z.Əliyev övladlarının atasının özü yox, qardaşı oğlanları - Rəşad, Bəhruz və Peyman Əliyevlər olduğunu güman edib. O, bu məqsədlə həyat yoldaşını yaşadığı evdə dəfələrlə döyüb, ona problemlər yaşadıb. Məsələdən qardaşı övladlarının məlumatlı olduğunu güman edən Z. Əliyev qardaşı oğlanlarının birləşərək onu öldürəcəyini düşünüb. Bu məqsədlə də o qardaşı oğlu Bəhruz Əliyevi öldürmək qərarına gəlib. Plan quraraq, Bəhruz Əliyevlə anası Rahilə Əliyevanı qətlə yetirib. O, Bəhruz Əliyevə 7, Bəhruzun səsinə həyətə çıxan anasına 10 bıçaq zərbəsi endirib. Hər iki şəxs hadisə yerində ölüb.

“Həbsdə olduğum müddətdə iki övladım dünyaya gəldi”

Məhkəmədə ifadə verməkdən imtina edən Z.Əliyev özünü elan olunan ittihamlarda təqsirli bilib və hadisəni bilərəkdən törətdiyini deyib. O, ibtidai istintaqa ifadəsini təsdiqləyib.

Ziya Əliyev istintaqa bildirib ki, əvvəllər iki dəfə həbsdə olub. Sonuncu dəfə 2018-ci ildə həbs müddəti başa çatdığı üçün azadlığa buraxılıb: “2005-ci ildə ailə qurmuşam. Bu müddətdə iki övladım anadan olub. Daha sonra 2020 və 2022-ci il təvəllüdlü övladlarım dünyaya gəlib.

Ailədə 2 qardaş, 5 bacı olmuşuq. Qardaşım Ədalət 1998-ci ildə Rusiyada qətlə yetirildi. Qətlə yetirdiyim Bəhruz Əliyev qardaşım Ədalət Əliyevin ortancıl övladı, Rahilə Əliyeva isə qardaşımın arvadıdır. Münasibətimiz normal idi. Qardaşımın övladlarını mən böyütmüşəm. 2009-cu ildə həbs edildim. Salyan Rayon Polis Şöbəsində saxlanılan zaman anam Fati Əliyeva yanıma gəlmişdi. Mənə dedi ki, yoldaşın hamilədir. 4 il idi övladım olmurdu. Hesabladım ki, uşaq məndən deyil. Amma yenə şübhələri üzərimdən atdım. 10 il həbsdə yatdım, həbsdən çıxandan sonra hər gün həyat yoldaşımla bu barədə münaqişə yaşadım".

“Zirzəmidən erotik səslər gəldi, yoldaşım boynuna almadı”

Ziya Əliyev deyib ki, təxminən 2 il əvvəl, yəni 2022-ci ildə evdə olanda qardaşı oğlu Rəşad onlara gəlib: "Gördüm ki, yoldaşıma gizli nəsə dedi. Yoldaşım isə cavab verdi ki, çıx get, Mosu evdədi. Rəşadın nə dediyini soruşdum, amma o söhbəti dəyişdi, heç nə demədi. Bundan sonra başladım qardaşımın oğlanlarından şübhələnməyə.

2023-cü il idi. Qardaşım oğlu Peyman dostlarına qonaqlıq verirdi. Dostları Amid, Fərid və qardaşı Rəşad həyətdə idi. Peyman Rəşada dedi ki, evin arxasındakı zirzəmidən kompot gətirsin. Rəşad zirzəmiyə getdi, 10-15 dəqiqə gec gəldi. Həmin müddətdə zirzəmidən erotik səslər gəldi.

Yeganəni çağırdım, gəldi, onun Rəşadla zirzəmidə olduğunu soruşsam da, boynuna almadı. Bir neçə dəfə yoldaşımı döydüm, xeyri olmadı.

Bir dəfə qızım Leyla məni əsəbiləşdirdi, sillə ilə onu vurdum. Bəhruz mənim üstümə hücum çəkərək, “Onu vura bilməzsən, o, mənim balamdı”, - dedi. Bu söz məni tutdu. Peymana zəng vurub, Bəhruzun niyə “o mənim balamdır” dediyini soruşdum. Peyman dedi ki, burada şübhəli nəsə yoxdur.

Bundan başqa, 2015-ci ilin dekabr ayında Qobustanda həbsxanada cəza çəkdiyim vaxt həyat yoldaşım anamla birlikdə yanıma gələndə də yaxınlığımız olmadı. Amma sonradan qızım Leyla dünyaya gəldi. Həmin vaxtdan şübhələnməyə başladım”.

“Dedi ki, qardaşın oğlanları məni zorlayıblar”

Z. Əliyev bildirib ki, bu il fevralın 27-də həyat yoldaşı bütün olanları etiraf edib: “Həmin gün uşaqlar yatandan sonra onu çağırıb, hər şeyi etiraf etməsini istədim. Onu inandırdım ki, bir də onu döyməyəcəm. O da etiraf etdi. Bildirdi ki, mən həbsdə olduğum müddətdə qardaşımın övladları onu dəfələrlə zorlayıb. Dedi ki, ilk dəfə bunu Peyman edib. Fatimə də Peymanın qızıdır. Dediyinə görə, qardaşım oğlanları onu şantaj edəcəkləri ilə hədələyiblər.  Bir neçə gün sonra şübhələndim ki, qardaşım oğlanları birləşib, mənə nəsə etmək istəyirlər. Ona görə də mən Bəhruzu öldürmək qərarına gəldim. Bəhruz hasarın yanında dayanmışdı. Bıçağı cibimdə gizlədib ona yaxınlaşdım. Çatan kimi ona bıçaqla zərbələr endirdim, məqsədim də öldürmək idi. Səsə Rahilə çıxdı, başladı qışqırmağa. Bəhruz hərəkətsiz vəziyyətdə yerə yıxıldı. Bildim ki, onsuz da ömürlük həbsə gedəcəyəm. Ona görə Rahiləni də öldürdüm. Sonra evdən qızım Fatimədən örtük alıb, meyitlərin üstünü örtdüm. Bildim ki, Rəşadla Peyman gələcək. Evdən baltanı götürüb, küçəyə çıxdım ki, onlar da gələndə öldürüm. Məktəb yolunda Ramiz müəllim rast gəldi, ondan xahiş etdim ki, məni polisə təslim etsin. Baltanı məktəbin həyətinə atıb, Ramiz müəllimlə polisə getmək qərarı verdim. Yolda polis əməkdaşını gördüm, ona hadisəni danışıb təslim oldum.

Heç bir kişinin başına belə bir hadisə gəlməsin. 44 ildə qazandığım hər şeyi bir hadisə ilə məhv etdim. İstəyirəm, DNT analizi götürülsün, övladlarımın əsl atasının kim olduğu bilinsin və qohumlarım məni qınamasınlar”.

“Dedi ki, məscidə namaz qılmağa gedir”

Prosesdə şahid, təqsirləndirilən şəxs Ziya Əliyevin həyat yoldaşı ifadə verməkdən imtina edib. Məhkəmə qadının ibtidai istintaqa ifadəsini elan edib. İfadədə bildirilib ki, Ziya Əliyev mütəmadi dava-dalaş salıb, onu və övladlarını döyüb, uşaqların ondan deyil, qardaşının oğlanlarından olduğunu bildirib: “Hər dəfə məni döyürdü ki, etiraf edim. Fevralın 26-da mən acıq edib, atamın evinə getdim. Ziya mənimlə telefonla danışaraq evə qayıtmağımı istədi. Mən qayıtdım, söz verdi ki, bir də məni döyməyəcək. Axşam uşaqlar yatandan sonra məni çağırıb məcbur etdi ki, etiraf edim. Məni inandırdı ki, bundan sonra namaz qılacaq, bizi də götürüb rayondan köçəcək, qardaşı uşaqlarını görməyəcək. Məcbur etdi, mən də canımı qurtarmaq üçün dedim ki, qardaşı oğlanları məni mütəmadi zorlayıb, Fatimənin də atası Peymandır. Martın 1-də Ziya dedi ki, məscidə namaz qılmağa gedir.

Ziyaya tez-tez deyirdilər ki, sənə cadu ediblər, uşaqlar səndən deyil. O da inanmışdı. Bir dəfə evə gəlib dedi ki, kartla fala baxdırıb, falçı deyib ki, Fatimə sənin qızın deyil. Ziya mənə çox təkid elədi. Ailəmin dağılmaması üçün ona dedim ki, qardaşı oğlanları məni zorlayırdı. İstəyirdim ki, məsələ bitsin”.

Şahid bildirib ki, hadisə baş verərkən o, evdə olub: “Bəhruz Rahiləni diş həkiminə aparacaqdı. Birdən çöldən qışqırıq səsi gəldi, Rahilə qışqırırdı, sonra səsi kəsildi. Bildim ki, Ziya Rahiləni öldürüb. Ziya acıqlı halda qışqırıb, məni çağırdı. Qorxdum, evdən çölə çıxmadım. Sonra qonşu Tahirə gəlib dedi ki, küçədə iki nəfər uzanıb, Ziya isə əlində balta harasa getdi”.  

İş üzrə məhkəmə istintaqı başa çatıb və təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Z. Əliyev ömürlük azadlıqdan məhrum edilib.