İsrailin Azərbaycandakı Səfirliyini partlatmaq istəyən şəxs həbs edildi
Bakı Ağır Cinayətlər Məhkəməsində İsrailin Azərbaycandakı Səfirliyini partlatmağa cəhddə təqsirləndirilən Əfqanıstan vətəndaşı Hazrat Alinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
TNS-in məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə Hazrat Ali 10 il azadlıqdan məhrum edilib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
İttihama görə, Əfqanıstan vətəndaşı Hazrat Ali qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə terrorçuluq, yəni ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyət orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədi ilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər (terror aktı) törətməyə hazırlıq hərəkətləri edib, lakin iradəsindən asılı olmayan səbəblərdən cinayət əməlini başa çatdıra bilməyib.
Belə ki, Hazrat Ali 5 may 2023-cü il tarixdə Azərbaycan Respublikasına gələrək, Bakı şəhərində yaşadığı müddətdə İsrail Respublikasının Azərbaycandakı Səfirliyinin yerləşdiyi ərazinin koordinatlarını müəyyən etməklə səfirliyin binasının ətrafındakı ərazinin müşahidəsini aparıb, səfirliyə qarşı terror aktı törətmək məqsədi ilə maliyyə dəstəyi, əlavə şəxslərin cəlb edilməsi, odlu silah və partlayıcı maddələrin tapılması istiqamətində qeyriləri ilə əlaqəyə girərək sövdələşib, 16 iyun 2023-cü il tarixdə İsrail Respublikasının Azərbaycandakı Səfirliyinin ərazisinin növbəti dəfə müşahidəsini apararkən Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.