Sevgilisi ilə kirayə qaldığı evin sahibinin qızıl dişini oğurladı, özünü isə öldürdü
Gəncə Ağır Cinayətlər Məhkəməsində kirayədə yaşadıqları evin sahibəsinin qətlində təqsirləndirilən Aynaz Alıyeva və sevgilisi Elçin Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
TNS hadisənin təfərrüatlarını əldə edib.
Sarımsaqəzənlə törədilən qətl
Həyat yoldaşından ayrılan A. Əliyeva Tovuz rayonunda həmyerlisi Elçin Əliyevlə tanış olur və aralarında sevgi münasibəti yaranır. Daha sonraonlar birgə yaşamağa qərar verir və buna görə də 1951-ci il təvəllüdlü İntizar Bağırovanın evində kirayə yaşamağa başlayırlar.
Bir müddət evdə kirayə qalan cütlük xəbər tutur ki, İntizar Bağırovanın dişləri qızıldandır. A. Əliyeva İ. Bağırovanı izləyir və onun qızıl dişlərini oğurlamaq qərarına gəlir. Ötən il martın 25-də İntizar Bağırovanın qızıl dişlərini çıxarıb soyuducuya qoyduğunu görən kirayəşin qadın gecə vaxtı E. Əliyevlə birlikdə evin yataq otağına daxil olaraq soyuducudan dəyəri 550 manat olan alt və üst çənə diş protezini götürür. Bir müddətdən sonra onlar ev sahibinə məxsus 2 ədəd qızıl üzüyü də oğurlayır.
Aprelin 30-da hadisədən xəbər tutan İ. Bağırova onlardan oğurlanan malları tələb edir. Tərəflər arasında mübahisə yaranır və çütlük İntizar Bağırovanı qətlə yetirməyə qərarı verir.
Bu məqsədlə qadınla mübahisə edə-edə onu evin qapısından çölə çıxararaq pilləkəndən yıxır. Pilləkəndən yıxılan qadın xəsarət alsa da, ölmür. Cütlük birləşərək qadının bədəninin müxtəlif nayihələrinə zərbələr endirməyə başlayır. Həmçinin Aynaz Əliyeva evdən sarımsaqəzəni götürərək, ev sahibəsinin baş nayihəsinə zərbələr endirir. Qadının ölmədiyini görən E. Əliyev həyətdən dəmir boru gətirərək, başına vurur. Nəticədə qadın aldığı xəsarətlərdən huşunu itirir.
Qadının öldüyünü zənn edən cütlük qızılları götürərək hadisə yerini tərk edir. Qonşuların köməyi ilə İ. Bağırova xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmur. Qadın aldığı xəsarətlərdən xəstəxanada keçinir.
"Qızıllarını satıb özünə kirayə pulunu verdik"
Məhkəmədə ifadə verən təqsirləndirilən şəxs Aynaz Əliyeva bildirib ki, ərindən ayrılandan sonra E. Əliyevlə tanış olub və birgə yaşayıb: “Biz Elçinlə İntizar Bağırovanın evini kirayələdik və onunla bir həyətdə yaşamağa başladıq. Elçin bir dəfə mənə təklif etdi ki, İntizar Bağırovanın qızıl dişlərini oğurlayıb sataq. Əvvəlcə İntizar Bağırovanın evindən iki qızıl üzük oğurladıq. Elçin qızılları “Lombard”a qoyub, 180 manat götürdü. Pulun 20 manatını İntizara verdik, 55 manata evə alış-veriş etdik. Qalan pulu Elçin xərclədi.
Bir müddət sonra evin kirayə pulunun vaxtı çatdı. Pulumuz yox idi. Elçin dedi ki, protez dişləri də oğurlayaq. Dişləri oğurlayıb Tovuzda diş həkiminə verdik. Həkimə dedim ki, guya dişlər rəhmətə gedən anamındır. Həkim dişlərə 75 manat verdi. Həmin pulun 50 manatını İntizar Bağırovaya kirayə pulu verdik.
Bir neçə gündən sonra İntizar Bağırov qızılların və dişlərin oğurlanmasından xəbər tutdu. Ona etiraf etdim ki, qızılları da, dişləri də biz oğurlamışıq, ehtiyacımız olduğu üçün satmışıq. İntizar Bağırova bizə bir həftə vaxt qoydu ki, oğurladığımız əşyaları qaytaraq. Biz həmin vaxta qədər əşyaları qaytara bilmədik”.
"İntizar Elçinə dedi ki, sənin saxladığın bu pozğun gündə bir kişi ilə görüşür”
Təqsirləndirilən şəxs bildirib ki, ərindən ayrılandan sonra bir neçə yerdə kirayə yaşasa da, həmin evlərin kirayə pulunu vermədiyi üçün ev sahibləri onu mənzildən çıxarıb: “Birinci nikahımdan iki övladım var. Oğlum atası ilə qaldı, qızımı mən götürdüm. Tovuzda müxtəlif yerlərdə kirayə yaşadım. Ev kirayəsini vaxtında verə bilmədiyim üçün məni evdən qovdular. Küçədə Elçinlə tanış oldum, ona vəziyyətimi danışdım. Elçin bir yarımtikili tapdı. Oranı düzəltdi, 15 gün orada yaşadıq. Elçin də bizimlə qalırdı. Dedi ki, ailəli deyil. Elçin gündüzlər fəhlə işləyib, bizi dolandırırdı. Bir gün Elçin gəldi ki, ev tapıb. Yığışıb İntizar Bağırovanın evinə gəldik, onunla birlikdə yaşamağa razılıq verdi. İntizar 375 manat pensiya alırdı, Bakıda da bir ögey qardaşı var idi, başqa heç kimi yox idi. Dedi ki, qalın, mənə də kömək edərsiniz. Mən birinci ərimdən boşananda 50 manat məhkəmə xərcini də İntizar ödədi”.
Aynaz Əliyeva bildirib ki, hadisə günü İntizar ondan oğurlanan qızılları istəyib: “Mən ona əvəzində pul təklif etdim, o isə razılaşmadı. Mən onun saçından tutub yolmağa başladım. Səsə Elçin gəlib bizi ayırdı. İntizar Elçinə “sənin saxladığın bu pozğun gündə bir kişi ilə görüşür”, - dedi.
O da İntizara dedi ki, ağzına gələni danışmasın. Elçin çay içirdi, İntizar stəkanın içinə tüpürdü. Elçin stəkanı İntizarın başına vurmaq istədi, mən qoymadım. İntizar mənim anamın goruna söydü. Dava düşdü. İntizar məni itələyib pilləkəndən yıxdı. Bundan əsəbiləşən Elçin İntizarın üzünə şillə vuraraq sinəsindən itələdi. İntizar pilləkəndən yıxılarkən başı daşa və mühəccəri dəydi. Elçin çıxıb getdi. Mən yaxınlıqdakı sarımsaqəzəni götürüb onun başına vurdum. Elçin qayıdıb məni ayırdı, onu vurmamağı tapşırdı. Amma mənim əsəblərim soyumadı, hamama girib oradan dəmir borunu götürüb İntizarın başından zərbələr endirməyə başladım. Sonra Elçin təklif etdi ki, heç kim görmədən evdən çıxaq. O, əvvəllər də məhkum olunduğu üçün həbsdən qorxmadığını dedi. Bildirdi ki, mənim uşaqlarım var, ona görə tutulmağımı istəmir. Elçin İntizarın öldüyünü görüb mənə təklif etdi ki, hadisə yerindən qaçaq. Mən razılaşdım və hadisə yerindən qaçdıq”.
Hadisəni törədəndən sonra Aynaz evdəki qan izlərini silib, kisəyə yığıb gizlədib, sonra Elçin və qızı ilə birlikdə Elçinin atasının işlədiyi avtovağzala gəliblər.
Onlar uşağı Elçinin atasının yanında qoyub, Tovuzun Düz Qırıqlı kəndinə, Aynazın işlədiyi kafeyə gediblər. Kafe sahib onarı qəbul etmədiyi üçün yenidən geri, İntizar Bağırovanın evinə qayıdıblar. Qonşular İntizar Bağırovanın yerini soruşanda cütlük qadının başqa kənddəki qohumlarıgilə getdiyini bildirib, iz azdırmaq istəyiblər.
"Aynaz mənə dedi ki, qızılları İntizar xala "lombard"a qoymaq üçün verib"
Təqsirləndirilən Elçin Əliyev isə sevgilisinin yalan danışdığını bildirib. Elçin məhkəmədə bildirib ki, o, qızılların oğurluq olduğunu bilməyib: “Bir gün evə gəldim, Aynaz mənə iki üzük verdi, bildirdi ki, həmin üzükləri ona İntizar verib ki, “lombard”a qoyub, əvəzində pul götürüb, dolanaq. Mən də inandım. Qızılları götürüb Aynazla “lombard”a getdim, qızılları verib 180 manat götürdük.
Bir müdətdən sonra Aynaz dəsmala bükülmüş iki protez diş gətirdi. Dedi ki, bunu da İntizar xala verib. Aynaz mənə dedi ki, İntizar xaladan 50 manat borc istəyib, o da pulu olmadığı üçün qızıl dişləri verib ki, satsın.
Sonradan Aynaz mənə düzünü etiraf etdi, qızılları və dişləri oğurladığını dedi. İki gün sonra İntizar xala mənə dedi ki, sənin saxladığın qız mənim qızllarımı və dişimi oğurlayıb. Mən də ona məsələdən xəbərdar olduğumu bildirdim”.
E. Əliyev deyib ki, o, İntizar Bağırovanın ölümündən xəbərsiz olub. Dediyinə görə, İntizar Bağırova ilə Aynaz dava edrkən o, evdə olmayıb. Ertəsi gün evə gələn Elçin Aynazdan İntizar Bağırovanı soruşanda Aynaz ona yalan danışıb, İntizarın qonşuya keçdiyini bildirib.
İş üzrə məhkəmə istinatı başa çatıb və təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Aynaz Əliyeva 12 il, E. Əliyev isə 2 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.