Close

Bakıda məktəbə sel gəldi - Sinif otaqlarını su basdı - VİDEO

Bir neçə gündür ölkə ərazisində yağıntılı hava şəraiti davam edir ki, bu da bir sıra fəsadlara səbəb olur. Yağıntının çox düşməsi nəticəsində zərər çəkən məktəblər də var.

Sosial şəbəkələrdə 281 saylı məktəbin sinif otaqlarını su basması ilə bağlı görüntülər yayılıb.

Adıkeçən məktəbdə tədrisin dayanıb-dayanmadığı ilə bağlı TNS-in sualına Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirildi ki, tədris davam edir, həmin siniflər digər siniflərlə əvəz olunub.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən isə bildirildi ki, iki gündür, ölkə ərazisində müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar yaranan xüsusi hallarla bağlı aidiyyəti qurumlarla birlikdə işçi qrup yaradılıb: “Agentliyə və Agentliyin yerli təhsili idarəetmə bölmələrinə daxil olan müraciətlər qeydiyyata alınır və təhlillər aparılır.

Şagirdlərin davamiyyətində ciddi dəyişiklik müşahidə edilmir və təlim-tədris prosesi fasiləsiz şəkildə davam edir.

Bununla yanaşı, hava şəraitinin yaratdığı fəsadların aradan qaldırılması və təhsil müəssisələrində tədris prosesinin fasiləsizliyinin təmin edilməsi məqsədilə müvafiq addımlar atılır”.

Agentlik qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq, xüsusilə azyaşlı məktəblilərin valideynlərini dərsə gedən övladlarını nəzarətdə saxlamağa çağırıb, təhsil müəssisələrinin rəhbərlərindən və valideynlərdən müvafiq təhlükəsizlik tədbirlərinə riayət etmələrini xahiş edib.