Close

14:05
18 Oktyabr 2024

Məhkəmə Suriyada qanunsuz silahlı birləşmələrə qoşulan şəxslə bağlı qərar verib

Suriyada qanunsuz silahlı birləşmələrə qoşulmaqda ittiham edilərək həbs olunan Bəxtiyar Şıxıyevin barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə keçirilib.

TNS xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub. Qərara əsasən, kassasiya şikayəti qismən təmin edilib. Bəxtityar Şıxıyevin cəzası 10 ildən 7 ilə endirilib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən B.Şıxıyev 10 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, B.Şıxıyev Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilib. Aparılan araşdırmalar nəticəsində Azərbaycan vətəndaşı, 1989-cu il təvəllüdlü Şıxıyev Bəxtiyar Səttərxan oğlunun ölkə hüdudlarından kənarda terror aktlarının törədilməsi ilə müşayiət olunan, dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində aparılan silahlı münaqişələrdə iştirak etmək məqsədilə müxtəlif vaxtlarda Suriya Ərəb Respublikasının Rifil-muhandis qəsəbəsində xüsusi hazırlıq düşərgəsində təlimlər keçməsinə, müxtəlif odlu silahlardan istifadə qaydalarına yiyələnərək “Cundul Şam” adlı qanunsuz silahlı dəstənin fəaliyyətində iştirakına əsaslı şübhələr müəyyən edilib.

DTX-də başlanılan cinayət işi üzrə Bəxtiyar Şıxıyev şübhəli şəxs qismində saxlanılaraq Azərbaycan Cinayət Məcəlləsinin 283-1.3-cü (Azərbaycan Respublikasının hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmək məqsədilə sabit qruplar yaratma, həmin qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunub, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin ötən ilin sentyabr ayında çıxardığı hökmə əsasən, Bəxtiyar Şıxıyev 10 il azadlıqdan məhrum edilib.