Close

09:50
18 Oktyabr 2024
09:00
18 Oktyabr 2024
07:35
18 Oktyabr 2024

Gəncədə baş verən partlayışda ölən var, yaralananların vəziyyəti açıqlanıb - YENİLƏNİB/VİDEO

Gəncə şəhəri, İsaq Cəfərov küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında baş vermiş partlayışla əlaqədar 3 nəfər (1-i kişi cinsli, 2-si qadın cinsli olmaqla) saat 07:10 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya hospitalizasiya olunub.

TƏBİB-dən TNS-ə verilən xəbərə görə, onlara zəruri tibbi xidmətlər göstərilib. Bir nəfər (kişi cinsli) vəziyyəti qənaətbəxş olduğu üçün ambulator müalicə üçün evə buraxılıb. 2 nəfərin müalicəsi isə davam etdirilir, vəziyyətləri stabildir.

08:48

Gəncədə 5 mərtəbəli yaşayış binasında partlayış nəticəsində ölən və xəsarət alanların şəxsiyyəti məlum olub.

TNS xəbər verir ki, ölənlər 1960-ci il təvəllüdlü Mehriban Paşayeva və Könül Xudaverdiyevadır.

Hadisə nəticəsində xəsarət alanlar Əliyeva Nüranə Şahin qızı, 1999-cu il təvəllüdlü Yusibova Firuzə Ələkbər qızı və 1991-ci il təvəllüdlü Orucov Bəxtiyar Əsəd oğludur.

08:40

Xəbər verildiyi kimi, Gəncə şəhəri, İsaq Cəfərov küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında baş vermiş partlayışla əlaqədar Nazirliyin Gəncə Regional Mərkəzi və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.

FHN-in Mətbuat xidmətindən TNS-ə verilən məlumata görə, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən binanın dördüncü mərtəbəsində yerləşən mənzildə partlayış baş verdiyi və dağıntı yarandığı müəyyən edilib.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş operativ xilasetmə əməliyyatı sayəsində dağıntı altından dörd nəfər sağ çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib. Hadisə nəticəsində iki nəfər həyatını itirib.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

08:03

Gəncə şəhərində yaşayış binasında partlayış nəticəsində ölənlərin sayı iki nəfərə çatıb.

TNS-in məlumatına görə, hadisə şəhərin İsaq Cəfərov küçəsində yerləşən mənzillərin birində qeydə alınıb.

Hadisə zamanı həmçinin 6 sakin - 1991-ci il təvəllüdlü B.Orucov, 1999-cu il təvəllüdlü F.Yusifbəyli və daha üç nəfər xəsarət alıb.

Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

07:33

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Gəncə şəhəri, İsaq Cəfərov küçəsində beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində partlayış baş verməsi barədə ilkin məlumat daxil olub.

Bu barədə TNS-ə FHN-in Mətbuat xidmətindən bildirilib.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Gəncə Regional Mərkəzi və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.

Əlavə məlumat veriləcək.

07:28

Gəncə şəhərində yaşayış binasında partlayış nəticəsində bir nəfər ölüb.

TNS-in məlumatına görə, hadisə şəhərin İsaq Cəfərov küçəsində yerləşən mənzillərin birində qeydə alınıb.

Hadisə zamanı bir qadın ölüb, daha 3 sakin - 1991-ci il təvəllüdlü B.Orucov, 1999-cu il təvəllüdlü F.Yusifbəyli və daha bir nəfər xəsarət alıb.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.