Close

Sevgilisi ilə yataqda tutduğu kişini öldürdü- CƏZADAN AZAD EDİLDİ

Rusiyada 11 il əvvəl qətl törədərək, Azərbaycana qaçmaqda təqsirləndirilən Goranboy rayon sakini Nazim Kazımovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Proses Gəncə Ağır Cinayətlər Məhkəməsində baş tutub. 

Hadisə 2013-cü ilin aprelində Rusiya Federasiyasının Volqoqrad şəhərinin Krasnoarmeyski rayonunda baş verib. Rusiya vətəndaşı Abdulov Ravil Amiroviçin öldürülməsi faktı ilə bağlı Volqoqrad şəhər Krasnoarmeyski rayon İstintaq şöbəsi tərəfindən başlanmış cinayət işi üzrə aparılmış istintaq tədbirləri nəticəsində cinayətin Azərbaycan vətəndaşı Kazımov Nazim Məhəmməd oğlu tərəfindən törədilməsi, onun Azərbaycan ərazisində olması müəyyən edildiyindən iş istintaqın davam etdirilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğu vasitəsilə Goranboy rayon prokurorluğuna göndərilib.

İstintaqla Nazim Kazımovun qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı Ravil Abdulova bıçaqla çoxsaylı xəsarət yetirərək, onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Nazim Kazımova Cinayət Məcəlləsinin 12.1, 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə ittiham elan olunaraq cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

TNS hadisənin təfərrüatlarını əldə edib.

"Goranboyda qız qaçırdım, 3 il cəza verdilər"

Məhkəmədə ifadə verən təqsirləndirilən şəxs özünü ittihamlarda təqsirli bilməyib. Bildirib ki, 1981-ci ilədək Goranboy rayonu, Xoylu kəndində yaşayıb, 1981-ci ilin sonlarında işləmək üçün Rusiya Federasiyasının Həştərxan şəhərinə gedib və 1986-cı ilə qədər orada yaşayıb: “1986-cı ildə yenidən Azərbaycana qayıtdım. Elə həmin il qız qaçırmağa görə cinayət məsuliyyətinə cəlb olundum, 3 il azadlıqdan məhrum edildim. Cəzamı çəkmək üçün Volqoqrada göndərildim. 1 il cəza çəkəndən sonra şərti cəza ilə azadlığa buraxıldım və Volqaqradda tikinti materiallarının satışı ilə məşğul oldum.

"Küçədə döyüb, gözümü çıxardılar"

1989-cu ildə orada Olqa adlı bir xanımla tanış oldum, bir oğlum dünyaya gəldi. 1995-ci ildə Olqa ilə rəsmi nikaha daxil oldum, 2005-ci ildə isə daha bir oğlum oldu. 2002-ci ildə küçədə tanımadığım bir qrup şəxs tərəfindən döyüldüm, həmin vaxtdan bir gözüm görmür.

2005-ci ildə bazarda Yana Polyakova ilə tanış oldum, onunla münasibətimiz yarandı. Bazarda piştaxta alıb, Yananı satıcı götürdüm. 2008-ci ildə həyat yoldaşım bu münasibətdən xəbər tutdu və biz boşandıq. Buna baxmayaraq, yenə Olqa ilə yaşayırdım.

İşlərim düz gətirmədi, müflis oldum. Bir müddət metal alqı-satqısı ilə məşğul oldum, Sonra Rusiyada yaşayan və dünyasını dəyişən bacım oğlundan qalan “Qazel” markalı mikroavtobusla sərnişin daşımağa başladım.

Yana Polyakova, anası Nadya və əlil olan qardaşı Aleksey ilə birlikdə yaşayırdı. 2010-cu ildə Yana oğlan dünyaya gətirdi, dedi ki, guya mənim oğlumdu. Amma sonradan eşitdim ki, uşaq dünyaya gəlməzdən əvvəl Yana başqa bir şəxslə münasibətdə olub. Həmin vaxtdan Yanadan şübhələnməyə başladım, münasibətlərimiz soyudu.

"Yananın əlindən bıçağı alıb, Ravili vurdum"

Hadisə günü Yananın anası Nadya mənə zəng vuraraq bildirdi ki, qızı iki gün əvvəl oğlunu da götürüb 2 nəfər qadınla birlikdə, sərxoş halda Stasova küçəsində tanışının evinə gedib, geri qayıtmayıb. Əsəbiləşib, həmin ünvana getdim. Qar təzə yağmışdı, yerdə də yalnız bir evə gedən ayaq izləri var idi. Həmin ayaq izləri ilə tanımadığım bir evə getdim. Qapını döydüm, açan olmadı, pəncərəyə yaxınlaşıb, alışqanı yandırıb, pəncərəyə tutanda Yana Polyakovanın başqa kişi ilə birlikdə yatdığını gördüm. Əsəbiləşib otağın pəncərəsini yumruqla açdım, içəri daxil oldum. Yananı şillələyib oyatdım, Yana oyanıb qorxdu, başqa otağa keçdi. Onun ardınca həmin otağa keçəndə otaqda daha 3 qadın gördüm. Mən Yanaya qışqıranda otaqdakı qadınlar səsimə oyandı. Geri qayıdanda Ravil Abdulov oyanıb, çarpayıda oturmuşdu. Məni görüb çarpayıdan duranda onun boğazından tutub, yerə yıxdım. Yana əlində alma və bıçaq həmin otağa gəlib Ravilə rus dilində “axı, sənə demişdim, mənim kişim var”, - dedi. Yananın əlindən bıçağı alıb Ravili vurdum. Sonra bıçağı yerə atıb, Yananın üstünə gedəndə o, qaçdı. Yananın şillə ilə vurub evdən çıxdım, maşınla bibim oğlu Abuzərin yaşadığı evin qarşısına gəlib, avtomobili orada saxladım. Evdən sənədlərimi götürüb avtobusla Azərbaycana qayıtdım.

"Nazim Ravilin ayaqlarının qanını sildi, yarasını bağladı, yatdıq"

İbtidai istintaqa ifadə verən şahid Yana Polyakova isə hadisəni belə danışıb: “Nazim xəsis, əsəbi, aqressiv, səbəbsiz yerə dava-dalaş salmağa meyilli bir insandır. Sərxoş olanda aqressiv davranır, məni döyürdü. Hadisə olan günü mən Rimagilə getdim, orada spirtli içki qəbul edəndə Ravili gördüm, ondan xoşum gəldi. Rəfiqəm İrina da həyat yoldaşı Viktor ilə ora gəldi. Biz spirtli içki içəndən sonra Ravil məni evlərinə dəvət etdi. Mən, Ravil və onun həyat yoldaşı Rima ilə onlara getdik. Evə daxil olduq, mən uşağı yatırmaq üçün otağa keçdim. Rima da mənimlə həmin otağa gəlib, uşaqlarla yatdı. Uşaq yatandan sonra mən mətbəxə keçdim, Ravil orada içki içirdi. Mən də onunla birgə içki qəbul etdim. Aramızda münasibət yarandı. Sonra Ravil məni yatağa dəvət etdi. Onunla cinsi əlaqədə oldum. Bir də gördüm ki, pəncərə açıldı, Nazim pəncərədən içəri girdi. Kürəyimdən ağrı hiss etdim, çevriləndə onun əlindəkini bıçağa bənzətdim. O, Ravili vurmaq istəyəndə bıçağı əlindən aldım. Ravil otaqdan qaçmaq istəsə də, bacarmadı. Qapı bağlı olduğundan Nazim onu yaxaladı və döşəməyə yıxmaq istədi. Ravil onun əlindən çıxıb, dəhlizə qaçdı, Nazim onu yenidən tutdu. Bir də baxdım ki, Ravil üzü üstə döşəməyə yıxılıb, nəfəs almır. Nazim onu ürəyindən bıçaqlamışdı. Mənim qışqırığıma Ravilin arvadı Rima gəldi. Nazim bizi bıçaqla hədələdi. Biz sakit dayandıq. Nazim mənə əmr etdi ki, Ravilin paltarlarını geyindirim. Mən onun paltarlarını geyindirdim, Ravil qan içində idi. Mən qorxudan otağa keçdim, Nazim məni çağırıb meyiti sürüməyə kömək etməyimi istədi. Meyiti Ravillə yatdığım otağa gətirdik. Nazim dəsmalla Ravilin ayaqlarının qanını sildi, yarasını lentlə bağladı, yatdıq. Nazim Ravilin meyiti olan otağı bağladı.

"Meyiti götürməyə kömək etdiyi üçün Ravilin arvadına 500 rubl verdi"

Səhər saat 07 radələrində Nazim yuxudan oyanıb, meyiti “Qazel”ə qoymaq üçün bizdən kömək istədi. Hədələdi ki, əgər kömək etməsək, bizi öldürəcək. Rima və mən qorxudan ona kömək etdik, meyiti maşına yüklədik. Sonra Nazim bizi də maşına mindirib təxminən 20-25 dəqiqəlik yol sürüb bir əraziyə gətirdi. Həmin ərazidə Nazim düşüb meyiti boruların arasındakı xəndəyə atdı. Daha sonra maşına qayıdıb Rimaya ona kömək etdiyi üçün 500 rubl verdi. Maşını Alikin qapısında saxlayıb düşdü. Mənimlə birlikdə evə gəlib sənədlərini götürdü, dedi ki, Azərbaycana gedir. Məni hədələdi ki, polisə məlumat versəm, məni tapıb öldürəcək".

Gəncə Ağır Cinayət Məhkəməsinin hökmü ilə N. Kazımov cinayətin törədildiyi müddətdən 10 ildən artıq vaxt keçdiyi üçün cəzadan azad edilib.