Close

18:27
08 Oktyabr 2024
16:11
08 Oktyabr 2024

"Anamla qardaşımı qapının ağzında baltaladım" - Əhməd ailəsini belə qətlə yetiribmiş - YENİLƏNİB

"Cinayət törədən vaxt heç bir yerdə işləmirdim. 13 fevral 2024-cü ildə saat 10:00 radələrində atam Mehmanla birlikdə "Hyundai Accent" markalı 10-LY-304 dövlət qeydiyyat nişanlı avtomobillə Xətai rayonu, General Şıxlinski küçəsində olan evə getdik. Həmin vaxt evdə heç kim yox idi".

TNS-in məlumatına görə, bu, Bakı Ağır Cinayətlər Məhkəməsində ailəsinin 5 üzvünü qətlə yetirməkdə təqsirləndirilən Əhməd Əhmədovun cinayət işi üzrə məhkəmə prosesində elan olunan ifadəsində bildirilib.

O, ifadəsində atasını mətbəxdə qətlə yetirdiyini deyib: "Atam mətbəxdə səhər yeməyi hazırlamağa başladı. Mən atamı öldürmək qərarına gəldiyim üçün evin mətbəxindən götürdüyüm bıçaqla qəflətən ona zərbələr vurdum. Atam ağır xəsarətlər alaraq yerə yıxıldı. Mən avtomobilin açarını və atamı vurduğum bıçağı götürərək evdən çıxdım".

İfadədə qeyd edilib ki, Əhməd hadisədən sonra "Hyundai Accent" markalı avtomobillə Bakı şəhəri, Suraxanı rayonunda yaşayan bacısı Elmiranın evinə yollanıb: "Bacım qapını açdı. Mən Elmiraya öz üzərimdə olan bıçaqla zərbələr vurmağa başladım və Elmira yerə yıxıldı. Həmin vaxt evdə olan bacım qızı Ülviyyə ağlayırdı. Mən Ülviyyəyə də bıçaqla zərbələr vurarkən bıçaq əlimdə qırıldı. Daha sonra mətbəxə keçdim, oradan başqa bıçaq götürərək onların ikisinə də həmin bıçaqla yenidən zərbələr vurdum.

Bıçaqların ikisini də orada qoydum və avtomobillə Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən binanın həyətinə qayıtdım və avtomobili orada saxladım”.

İfadədə göstərilib ki, təxminən saat 15:00 radələrində məhəllədə olan "AL market”ə girib və siqaret almaq istəyib: “Lakin əlimdə qan olduğunu gördükləri üçün mənə siqaret satmadılar. Marketdən çıxarkən gördüm ki, anam Pikə və qardaşım Məhəmməd yaşadığımız evə gedirlər. Anamla sözlü mübahisə etdim.

Sonra anam dedi ki, çıx get, bəsdir, ailəmizi çox incidirsən. Pikə Məhəmmədlə birlikdə öz yaşadıqları binaya tərəf getdi. Mən də oradan “1001 xırdavat” mağazasına girdim və 20 manata balta aldım. Onların arxasınca yaşadığımız binaya tərəf getdim. Baltanı belimə qoyub anamgil yaşayan bloka daxil oldum. Anamgil isə liftlə öz yaşadıqları mənzilə qalxırdılar.

Mən digər liftlə həmin mənzilə qalxdım. Liftdən çıxan kimi belimdəki balta ilə qapını açmaq istəyən anamı vurmağa başladım. Bu zaman arxadan qadın cinsli bir şəxs anamı nə üçün vurduğumu soruşdu. Ona "bas, bayıra", - deyərək qışqırdım. Sonra həmin balta ilə qardaşım Məhəmmədi də vurdum. Onları öldürdükdən sonra qapını açaraq evə girdim. Baltanı şkafla eyvanın divarı arasındakı hissədə olan 2 ədəd su borusunun arxasında gizlətdim, paltarlarımı dəyişərək evdən çıxdım”.

16:28

Bakı Ağır Cinayətlər Məhkəməsində ailəsinin beş üzvünü qətlə yetirməkdə təqsirləndirilən Əhməd Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

TNS-in məlumatına görə, hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə Əhməd Əhmədovun ibtidai istintaqa ifadəsi elan olunub.

İfadədə Əhməd etiraf edib ki, mütəmadi olaraq ailəsinə problemlər yaradıb. Buna görə də ailəsi ona əlavə ev alıb. O, həmin evdə tənha yaşadığı üçün atası, anası, bacısı və qardaşı ilə normal münasibəti olmayıb. Məhz ona diqqət göstərmədiklərinə görə, ailəsinə qarşı nifrəti yaranıb. O, cinayətin yeganə şahidinin qonşuluqda yaşayan qadın olduğunu deyib. Həmin qadın Əhməd anasını və qardaşını öldürərkən ona mane olmaq istəyib.

16:02

Bakı Ağır Cinayətlər Məhkəməsində ailəsinin beş üzvünü qətlə yetirməkdə təqsirləndirilən Əhməd Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

TNS-in məlumatına görə, hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesə jurnalistlər buraxılmayıb.

Məhkəmə prosesi açıq olsa da, hakim jurnalistlərin məhkəmə iclasına girişini qadağan edib.

Xatırladaq ki, Ə.Əhmədov bu ilin fevral ayının 13-də aralarında yaranmış mübahisə zamanı ata, ana və azyaşlı qardaşını, bundan əvvəl başqa bir ünvanda isə bacısı - 1997-ci il təvəllüdlü Elmira Əhmədovanı və onun azyaşlı qızını qətlə yetirməkdə təqsirləndirilir.

Hadisədən bir gün sonra Xətai Rayon Məhkəməsində onun barəsində həbs qətimkan tədbiri seçilib. Ə.Əhmədov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə təqsirləndirilir.