Baş redaktor: "Həbsimə qərar verən hakimin ürəyi partladı"
Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən "Gündəlik Bakı” qəzeti və "Gundelik baku.com" saytının təsisçisi və baş redaktoru Habil Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
TNS-in məlumatına görə, hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə vəkil məhkəmənin adıçəkilən saytın kimə məxsus olduğu müəyyənləşdirilməsi üçün Nəqliyyat və Rəqəmsal İnkişaf Nazirliyinə sorğu göndərməsi barədə vəsatət qaldırıb.
Habil Vəliyev isə bildirib ki, niyə həbs olunduğu ona məlum deyil: "Soruşan yoxdur ki, Habil Vəliyev niyə həbs edilib. Mənə icazə verilmir ki, həbsimin səbəblərini açıqlayım. İttiham aktında nağıl yazılıb".
Hakim tərəflərin vəsatətlə razı olub-olmadığını soruşub. Təqsirləndirilən şəxs vəsatətin təmin edilməsini istəsə də, zərərçəkmiş şəxsin nümayəndəsi təmin olunmamasını xahiş edib.
Dövlət ittihamçısı bildirib ki, sənədlər təqdim olunmadığından vəsatət baxılmamış saxlanılsın.
Məhkəmə yerində müşavirə keçirib, vəsatətin baxılmamış saxlanılmasına qərar verib. Hakim bildirib ki, sənədlər tədqiq olunandan sonra vəsatət müzakirəyə çıxarıla bilər.
Təqsirləndirilən şəxs yenidən hakimə etiraz edib: "Mən nə vəsatət verirəm, rədd edirsiniz. Bundan əvvəlki prosesdə də ev dustaqlığına buraxılmağım barədə vəsatət rədd edilib. Niyə həbs olunmuşam, bunu araşdıran yoxdur. Mən özüm də hüquqşünasam".
Vəkili bildirib ki, H. Vəliyev "Gundelik baku.com" saytında gedən hansısa yazıya görə həbs olunub: "O saytın rəhbəri Habil Vəliyev deyil. Biz Habil Vəliyevin niyə həbs olunmasının səbəbini araşdırmalıyıq".
Habil Vəliyev isə deyib ki, birinci dəfə onun həbsinə qərar verən hakim vəfat edib: "Əvvəl də məni şərləyib həbs etdilər, həbsxanadan çıxandan sonra gəldim ki, hakimlə görüşüm. Gördüm ki, rəhmətə gedib. Allah ona rəhmət eləməsin. Onun ürəyini Allah partlatdı, mənə şər atdığı üçün".
Daha sonra prosesdə ittiham aktı elan olunub.
İttihamda bildirilib ki, Şirvan Şəhər Mərkəzi Xəstəxanasının şöbə müdiri Rövşən Pənayevin rəhbərlik etdiyi şöbədə narkotik tərkibli dərman satması barədə məlumat yayılıb. H. Vəliyev bundan sonra R. Pənayev barədə rüsvayedici məlumatlar yayaraq, ondan 5 min manat tələb edib.
Daha sonra R. Pənayevi barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək, ondan 2500 manat istəyib, 300 manat alıb.
H.Vəliyev Bakıda restoranlardan birinin məsul şəxsi olan Simran Qocayevdən 500 manat tələb edib, 200 manat alıb.
Həmçinin o, "Qartal " Tikinti Şirkətinin sahibi Şahin Məmmədov barəsində rüsvayedici məlumatlarla hədələyərək ondan 5000 manat tələb edib.
Habil Vəliyev özünü təqsirli bilməyib.
Prosesdə H. Vəliyevə sərbəst ifadə verməsi təklif olunsa da, vəkili əvvəlcə zərərçəkmişlərin dindirilməsini istəyib.
Zərərçəkmiş Rövşən Pənayev bildirib ki, hadisələr 2015-2016-cı illərdə olub: "Mənimlə Habil Vəliyevin adından danışılıb. Əvvəl 10, sonra 5 min manat istədilər, sonda 2500 manat düşdülər. Bir nəfər dedi ki, məni rüsvay edəcək. Sonra ailəm haqqında rüsvayedici məlumatlar yaydılar. Axırıncı dəfə bir nəfər dedi ki, 300 manat versəm, daha haqqımda yazmayacaqlar. Bir aydan sonra yenə həmin qəzet və sayt mənim ailəm haqqında rüsvayedici məlumatlar yaydı, iş o həddə çatdı ki, mən Şirvandan Biləsuvara köçdüm".
Zərərçəkmiş bildirib ki, Habil Vəliyevin qəzetində onun özünün, oğlunun və həyat yoldaşının şəklini dərc edərək onlar barədə rüsvayedici məlumatlar yayıblar.
Qeyd edək ki, H. Vəliyevə Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə təkrar törədildikdə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
H. Vəliyev 5 il əvvəl də şantaja görə 4 il müddətinə azadlıqdan məhrum edilmişdi. O, bu dəfə də Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılıb. Cinayət işi üzrə 3 nəfər zərərçəkmiş qismində tanınıb.