Close

Keçmiş həyat yoldaşını 35 bıçaq zərbəsi ilə qətlə yetirdi, 18 il cəza aldı

Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş həyat yoldaşını 35 bıçaq zərbəsi ilə qətlə yetirməkdə təqsirləndirilən Rövşən Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

TNS-in məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb və dövlət ittihamçısı təqsirləndirilən şəxsə 19 il 6 ay cəza istəyib.

Daha sonra məhkəmə hökmü elan olunub. Məhkəmənin hökmü ilə R. Quliyev 18 il azadlıqdan məhrum edilib.

İttihama görə,  Rövşən Quliyev 3 il əvvəl həyat yoldaşı Sevinc İbrahimova ilə boşanıb. Qadın boşansa da, onların birgə nigahdan olduğu iki övladı R. Quliyevin himayəsində qalıb. S. İbrahimova övladlarını görmək üçün onun yaşadığı evə gələrkən, R. Quliyev uşaqları ona göstərməyib. Nəticədə tərəflər arasında mübahisə yaranıb və R. Quliyev S. İbrahimova ya küçədə 35 bıçaq zərbəsi vuraraq qətlə yetirib. Hadisə bu il fevralın 13-ü saat 18 radələrində paytaxtın Nərimanov rayonu ərazisində baş verib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, prokurorluğun qərarı ilə Rövşən Quliyev iş üzrə şübhəli şəxs qismində tutulub.