Close

Naxçıvan şəhər sakinini öldürməkdə şübhəli bilinən şəxs Türkiyədə saxlanılıb

İyunun 29-da bir nəfər Naxçıvan şəhər Tumbul kənd sakininin kəsici-deşici alətlə vurularaq ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Naxçıvan Muxtar Respublikası Prokurorluğundan TNS-ə verilən məlumata görə, araşdırmalarla Naxçıvan şəhər Tumbul kənd sakini, 1974-cü il təvəllüdlü Hüseynov Kərim Həsən oğlunun şəxsi münasibətlər zəminində həmkəndlisi və qohumu, 1993-cü il təvəllüdlü Abdullayev Rahib Əsgər oğluna kəsici-deşici alətlə xəsarətlər yetirərək qəsdən öldürdükdən dərhal sonra Türkiyə Respublikasına qaçmasına əsaslı şübhələr müəyyən edilib.

Şəxsin tutulması istiqamətində Türkiyə Respublikasının hüquq-mühafizə orqanları ilə birgə əməkdaşlıq həyata keçirilib və Kərim Hüseynov bu gün Sədərək gömrük postundan Naxçıvan Muxtar Respublikası hüquq-mühafizə orqanlarına təhvil verilib.

K.Hüseynov prokurorluğun qərarı əsasında şübhəli şəxs qismində tutulub.

Hazırda cinayət işi üzrə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.