Naxçıvanın sabiq daxili işlər naziri Əhməd Əhmədovun məhkəməsi niyə təxirə salınıb?

Naxçıvanın sabiq daxili işlər naziri general-leytenant Əhməd Əhmədovla bağlı məhkəmə prosesi təxirə salınıb.
TNS xəbər verir ki, Ali Məhkəmədə hakim Ələsgər Novruzovun icraatına verilmiş iş üzrə iclas yanvarın 18-də keçiriləcək.
İclasda Əhməd Əhmədovla bağlı kassasiya şikayətinin müddətinin uzadılması ilə bağlı müraciətə baxılmalı idi.
Şikayət ərizəsində sabiq nazir barəsində həbslə bağlı olmayan qərar qəbul olunması istənilib.
Qeyd edək ki, 17 il Naxçıvanın daxili işlər naziri olmuş Əhməd Əhmədov Naxçıvan Muxtar Respublika Hərbi Məhkəməsinin hökmü ilə xüsusilə külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilib.
Apellyasiya Məhkəməsi hökmü dəyişdirmədən qüvvədə saxlayıb.
Bir müddət əvvəl isə Əhməd Əhmədovun vəziyyəti pisləşib. O, Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinə yerləşdirilib.(APA)