Mehdiyevin oğlunun sürətli karyerası – Güzgüyə baxın, Ramiz Mehdiyev

Azərbaycan Milli Elmlər Akademiyası ətrafında baş verən hadisələr səngimək bilmir. AMEA-nın prezidenti akademik Ramiz Mehdiyevi istefaya çağıranların sayı hər gün artır. Onu istefaya çağıranların sırasına AMEA-nın alimləri ilə yanaşı, Milli Məclisin deputatları, ölkəmizin tanınmış ictimai-siyasi xadimləri də qoşulub. Ümumi fikir belədir ki, Ramiz Mehdiyev AMEA-da elmlə məşğul deyil. O, kollektiv arasında intriqa yaradaraq alimlərin ciddi elmlə məşğul olmasına mane olur, akademiyanı düzgün idarə edə bilmir. Nəticədə, Azərbaycan elmi sürətlə məhvə sürüklənir.
Ramiz Mehdiyev bu çağırışlara qulaq asıb istefa vermək əvəzinə dirəniş göstərir, onun haqqında danışanları, istefaya getməsini tələb edənləri hədələyir. O, bir az da irəli gedərək bu günlərdə AMEA-nın rəsmi internet saytında yaydığı bəyanatda dövlətimizi də təhdid edib. Ramiz Mehdiyev tərəfindən yazıldığı şübhə doğurmayan həmin bəyanatın bədəlini akademik çox ağır şəkildə ödəyəcəkdir. Həm də təkcə özü yox.
Mehdiyev məlum bəyanatda Azərbaycan alimlərinə, millət vəkillərinə hücum edib, onları korrupsiyada, parlamentə saxta seçilməkdə ittiham edib. Hətta bəzi alimlərin, deputatların övladlarına yaxşı şərait yaratdığını, öz mövqeyindən istifadə edib onları yüksək əməkhaqqısı olan işlərə düzəltdiyini bildirib. Doğrudur, haqqında danışılan millət vəkili Musa Qasımlı dünənki açıqlamasında Mehdiyevin cavabını verib. Ancaq Ramiz Mehdiyevin məlum bəyanatı onun özünü və ailəsini yenidən gündəmə gətirib. İndi sosial şəbəkə istifadəçiləri sual verirlər: “Bəs Ramiz Mehdiyevin övladları nə işlə məşğuldur? Mehdiyev öz nüfuzundan və vəzifəsindən istifadə edib onları yaxşı işə düzəltməyib? Bəlkə cənab Mehdiyevin övladları hansısa orta məktəbdə müəllim işləyir xəbərimiz yoxdur”.
Bütün bu müzakirələri nəzərə alaraq, Ramiz Mehdiyevin övladları barədə oxuculara ətraflı məlumat verilməsini məqsədəuyğun hesab etdik.
Akademik Ramiz Mehdiyevin iki övladı – bir oğlu bir qızı var.
Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyev 1975-ci ildə Gürcüstan Sovet Sosialist Respublikasının Abxaziya MSSR-nın Suxumi şəhərində anadan olub. 1982-ci ildən 1992-ci ilə qədər Bakı şəhərində 134 nömrəli orta məktəbdə təhsil alıb. 1992-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub və 1997-ci ildə həmin universiteti bitirib.
Teymur Mehdiyev 1997-1999-cu illərdə keçmiş Milli Təhlükəsizlik Nazirliyində çalışıb.
O, 1999-2001-ci illərdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, 2001-2004-cü illərdə Xarici İşlər Nazirliyində fəaliyyət göstərib.
Teymur Mehdiyev 2004-cü ildə Azərbaycan Respublikası gənclər, idman və turizm nazirinin müavini təyin edilib. 2006-2011-ci illərdə isə Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini olub.
Əlbəttə ki atası Ramiz Mehdiyev övladının belə bir vəzifədə, özü də kifayət qədər geniş imkanları olmayan bir vəzifədə uzun müddət qalmasına imkan verə bilməzdi. Teymur Mehdiyev hüquq-mühafizə orqanlarından birinin rəhbərliyində təmsil olunmalı idi.
Beləliklə, Teymur Mehdiyev 2011-ci ildə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini vəzifəsinə təyin edilir. Elə həmin il ona III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilir.
Bu vəzifə də Ramiz Mehdiyevi qane edə biməzdi. Odur ki, balaca Mehdiyevə yeni yer tapmaq lazım idi. Və çox keçmədən, cəmi üç il sonra, 2014-cü ildə Teymur Mehdiyev yeni vəzifəyə təyin olunub. O, Azərbaycan Respublikası Prezidentinin 5 may 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini təyin edilib və ona general-mayor ali hərbi rütbəsi verilib.
Teymur Mehdiyev Azərbaycan Respublikası Prezidentinin 14 dekabr 2018-ci il tarixli Sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Akademik Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva uzun illərdir, elm sahəsində çalışır. O, 1970-ci ildə Moskva şəhərində dünyaya gəlib. (Həmin dövrdə Ramiz Mehdiyev Moskva Dövlət Universitetinin aspirantı olub).
1987-ci ildə Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinə daxil olan Kamilə Mehdiyeva 1992-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirərək, Zoologiya İnstitutunda əmək fəaliyyətinə başlayıb.
1998-2002-ci illərdə BDU-nun Psixologiya kafedrasının dissertantı olub. 2002-ci ildə “Yaradıcılıq şəxsiyyətin inkişaf amili kimi” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 2009-cu ildə isə “Şəxsiyyətin yaradıcı potensialının formalaşmasının psixoloji problemləri” mövzusunda psixologiya elmləri üzrə doktorluq dissertasiyası müdafiə edib.
Kamilə Əliyeva 1999-cu ildən BDU-nun Psixologiya kafedrasında müəllim, 2004-cü ildən dosent vəzifəsində çalışıb. 2010-cu ildən professordur.
Mehdiyevin kürəkəni İlham Əliyev isə uzun illər Milli Məclisin deputatı olub.
Göründüyü kimi, Ramiz Mehdiyev dövlətin ona verdiyi imkanlardan istifadə edərək övladlarına yaxşı şərait yaradıb, onları yüksək vəzifələrə təyin etdirib. Mehdiyev bu gün kiminsə övladı haqqında danışarkən oğlunun son 20 ildə 3 nazirlikdə nazir müavini, bir xidmətdə rəisin birinci müavini vəzifəsində çalışdığını, kimisə saxta yolla deputat seçilməkdə ittiham edəndə kürəkəninin uzun illər necə deputat olduğunu unutmasın.
Bir sözlə, güzgüyə baxın Ramiz Mehdiyev!