PKK silahı yerə qoydu - Bu, hələ son deyil - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, 5-7 may tarixlərində PKK (Kürdistan İşçi Partiyası) terror təşkilatı qurultay keçirərək silahlarını yerə qoyduğunu açıqlayıb.
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin milli müdafiə naziri Yaşar Güləri qəbul edərkən bu məsələyə toxunub. PKK terror qruplaşmasının özünü ləğv etməsini tarixi hadisə adlandıran və bizi də sevindirdiyini deyən Azərbaycan Prezidenti bu məsələdə Türkiyə Prezidentinin siyasi iradəsinin ən başlıca rol oynadığını qeyd edib.
Bəs, 1984-cü ildən fəaliyyətə başlayan terror təşkilatı doğrudanmı silahları yerə qoyub?
Mövzu ilə bağlı TNS-in sualını polkovnik, hərbi ekspert Şair Ramaldanov cavablandırıb.
Hərbi ekspert bildirib ki, Türkiyə ilə bağlı hər hansı bir xoş xəbər Azərbaycan üçün xoş, kədərli xəbər isə Azərbaycan üçün də kədərlidir:
"Bu gün Azərbaycan-Türkiyə əlaqələri strateji müttəfiqlik səviyyəsindədir. Bu müttəfiqlik Şuşa bəyannaməsinə uyğun inkişaf edir. Bu baxımdan, əlbəttə, PKK kimi terror təşkilatının fəaliyyətini dayandırma qərarını verməsi Azərbaycanı sevindirir. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin dövlət başçısını və Türkiyə xalqını təbrik edib. Xalqımız bütün bu proseslərdə Türkiyənin yanındadır. Əlbəttə, bu, böyük bir siyasi uğurdur. Lakin bu, hələ son demək deyil. Ona görə ki, PKK sadəcə bu qərarı qəbul edib. İndi qərarın nəticəsi necə olacaq, bilmirik. PKK silahları hələ tam şəkildə yerə qoymayıb, təhvil verməyib. İzləyək, görək, terror qruplaşmasının digər qolları da bu fəaliyyətdən əl çəkəcəklərmi. Digər tərəfdən, terrorçu fəaliyyətlərini davam etdirmək üçün buna indi mane olan və onları maliyyələşdirən quvvələr də var".
Şair Ramaldanovun fikrincə, Türkiyənin apardığı siyasət PKK-nın belə bir qərarı verməsinə gətirib çıxardı: "Təhlükəsizlik baxımından əlbəttə, əgər silahı tam şəkildə yerə qoysalar və bu proses sona kimi getsə, Türkiyənin sərhədlərindəki təhlükəsizliyi artırar. Ona görə də PKK kimi Türkiyəyə qarşı terrorçuluq fəaliyyətilə məşğul olan bir şəbəkənin silahları yerə qoymasını deməsi bir daha Türkiyənin nüfuzunu göstərir. Bilirsiniz ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bununla bağlı xəbərdarlıq mesajını vermişdi Düşünürəm ki, həm Suriyada gedən proseslər, həm PKK ilə bağlı qəti siyasi iradə, həm də ABŞ Prezidenti Donald Tramp ilə baş tutan danışıqlar məhz bir məqsədə xidmət edirdi: PKK-nın terrorçuluq fəaliyyətindən əl çəkməsi. İnanıram ki, bütün bu addımlar Türkiyənin təhlükəsizliyinə xidmət edəcək".
Qeyd edək ki, terror təşkilatı PKK-nın ləğv edilərək tərksilah edilməsi qərarından sonra DEM Partiyası ilk qrup toplantısını keçirib. Partiyanın həmsədri Tuncer Bakırxan iqtidara çağırış edib.
Azadə Yolçu