Close

"Müdafiə nazirinin Azərbaycana gəlişi səbəbsiz deyil"

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin milli müdafiə naziri Yaşar Güləri qəbul edib.

Ümumiyyətlə, belə görüşlər qardaşlıq və müttəfiqlik münasibətlərinə, xüsusilə hərbi sahədə bundan sonrakı inkişafa necə təsir edir?

Mövzu ilə bağlı TNS-in sualını polkovnik, hərbi ekspert Şair Ramaldanov cavablandırıb.

Ş. Ramaldanov bildirib ki, Türkiyənin milli müdafiə naziri Yaşar Gülərin Azərbaycana gəlişinə diqqətlə yanaşırıq və bütün görüşləri dəstəkləyirik:

"Bütün görüşlər Türkiyə ilə hansı sahədə olursa olsun, hər iki ölkə üçün müsbət nəticələnir. Bu, özünü xüsusilə də hərb sahəsində göstərir. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Azərbaycan Prezidenti Cənab İlham Əliyevin ordu qarşısında qoyduğu mühüm tapşırıq Türkiyə modelinə keçidlə bağlıdır. Bu tapşırıqla bağlı demək olar ki, işlər yekunlaşmaq üzrədir. Orduda ciddi islahatlar aparılıb.

405195_1

Bu gün Türkiyə-Azərbaycan orduları arasında olan münasibətlər, dostluq əlaqələrini əhatələyən çox böyük proqram var. İstər Azərbaycanda keçirilən təlimlərdə, istərsə də azərbaycanlı hərbçilərin Türkiyədə keçdiyi təlimlərdə ordular arasındakı inteqrasiya prosesini görürük. Artıq planlaşdırılan təlimləri hər iki ölkənin iştirakçısı olmadan təsəvvür etmək çətindir. Buna görə Türkiyənin milli müdafiə nazirinin də gəlişi səbəbsiz deyil".

Polkovnikin sözlərinə görə, adətən qərarlar qəbul ediləndən sonra mühüm şəxslər müəyyən sənədləri təsdiqlətmək üçün səfər edirlər: "Düşünürəm ki, Türkiyənin milli müdafiə naziri ilə Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov arasındakı işgüzar görüşlərin nəticəsi hər iki ölkəyə xidmət edəcək. Təbii ki, bu gün həm Azərbaycanın, həm də Türkiyənin ordularını regionda təhlükəsizliyin təminatçısı kimi qəbul etmək lazımdır.

Əlbəttə, iki ölkənin iş birliyi regionun təhlükəsizliyi baxımından çox böyük əhəmiyyət daşıyır. Bu, ölkələrin ordularının inkişafı, bundan sonra atılacaq addımların əhəmiyyətliliyi və aparılacaq islahatlar üçün çox vacibdir. Belə görüşlər bugünkü geosiyasi arenada gedən çox təhlükəli proseslər, xüsusilə Ermənistanın silahlanması fonunda lazımlıdır. Türkiyə-Azərbaycan arasındakı bu görüşlərin mütəmadi olması hər iki ölkənin həm təhlükəsizliyinə, həm də gücünə xidmət edən addımlardır".

Qeyd edək ki, bu gün həmçinin, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının Baş katibi Okay Məmiş də Azərbaycana səfər edib. Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev Okay Məmişi qəbul edib. Bütün bunlar göstərir ki, bölgədə ciddi hadisələr baş verir.

Azadə Yolçu