Bu səfərdən gözləntilər nələrdir? - Pezeşkian onları Azərbaycana gətirəcək

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Bakıya səfəri planlaşdırılır. Onun böyük heyətlə Azərbaycana gələcəyi gözlənilir. Bildirilir ki, Pezeşkianı səfər zamanı iş adamları, əyalət rəhbərləri və digər şəxslərin də daxil olduğu 120 nəfərli heyət müşayiət edəcək.
Bu səfərdən sonra iki ölkənin münasibətlərində hansı dəyişikliklər olacaq?
“Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan TNS-ə açıqlamasında bildirib ki, Pezeşkianın Azərbaycana səfərindən fövqəladə nəsə gözləmək bir qədər sadəlöhvlük olar: “Çünki yaxın zamanlarda iki ölkənin münasibətlərində fövqəladə və qeyri-adi nəyinsə baş verməsi ehtimalı azdır. Nümayəndə heyətinin tərkibinə nəzər yetirdikdə görürük ki, Pezeşkian Azərbaycana iqtisadi əlaqələri genişləndirmək məqsədilə gəlir. Heyətin tərkibində İranın özəl şirkətlərinin rəhbərləri, Azərbaycanla həmsərhəd əyalətlərin başçıları üstünlük təşkil edir”.
Sədrəddin Soltanin fikrincə, Pezeşkian Azərbaycana indiyədək səfər etmiş İran prezidentlərindən fərqli addımlar ata biləcəyini deyib: “Bunlar nə ola bilər? Məsələn, Pezeşkianın Azərbaycan türkcəsində kiçik açıqlama verməsi, yaxud qısa çıxış etməsi mümkündür. Onun soydaşımız olması bu səfəri daha maraqlı edir. Pezeşkian bizdən olduğu üçün ona qarşı şəxsi mənada doğmalıq var. Bu, təkcə İran Prezidentinin səfəri kimi dəyərləndirilmir. Yəni, Azərbaycanı sevən, əlaqələri genişləndirmək arzusunda olan bir Azərbaycan türkünün gəlişi kimi qəbul edilir”.