“Bu, sülh üçün iki əsas şərtdən biridir”

“ATƏT-in Baş katibi, türkiyəli diplomat Firudin Sinirlioğlu İrəvanda Baş nazir Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyanla görüşüb. İki ay əvvəl Firudin Sinirlioğlu Nikol Paşinyanla Münhen Təhlükəsizlik Konfransında da görüşmüşdü. İrəvandakı görüşlərdə Ermənistanın ATƏT-lə əməkdaşlığı və Azərbaycanla aparılan danışıqların hazırkı vəziyyəti müzakirə olunub”.
TNS xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.
O qeyd edib ki, rəsmi İrəvan ATƏT-lə əməkdaşlığı davam etdirmək istəsə də, rəsmi Bakının belə bir istəyi yoxdur: “ATƏT 30 il ərzində Qarabağ münaqişəsini həll edə bilmədi, bu səbəbdən Azərbaycanda ən çox tənqid edilən təşkilat idi. Rəsmi Bakı İkinci Qarabağ müharibəsindən sonra ATƏT-in Minsk Qrupunun ləğvinə çalışır. Buna baxmayaraq, ATƏT-in Baş katibinin təcrübəli və Türkiyə Prezidenti Təcəb Tayyib Ərdoğana yaxınlığı ilə bilinən türkiyəli diplomat olduğu nəzərə alınaraq, rəsmi Bakı Firudin Sinirlioğlu ilə təmasdan imtina etməyəcək. Orası da aydındır ki, tutduğu vəzifəyə görə Firudin Sinirlioğlunun rəsmi Bakının “Minsk Qrupu ləğv olunmalıdır”, - yanaşmasını dəstəkləməsi çətindir. Ancaq türkiyəli diplomat onu da anlayır ki, de-fakto mövcud olmayan Minsk Qrupunun de-yure də ləğvi ümumi işin xeyrinədir. Bu, sülh sazişinin imzalanması üçün iki əsas şərtdən birinin yerinə yetirilməsidir”.