"İran bu məğlubiyyətlə barışmaq istəmir"

“Bu gün dünyada gedən qlobal proseslər fonunda Yaxın Şərqdə liderlik uğrunda ölüm-dirim mübarizəsi baş verir. Bu mübarizə indi özünün ən pik həddinə çatıb desək, heç də yanılmarıq. İran bu mübarizədə məruz qaldığı məğlubiyyətlə barışmaq istəmir. Lakin onun istəyi heç nəyi həll etmir. İran 2023-cü ildə HƏMAS-ı tətikləyərək İsrailə qarşı başlatdığı uğursuz hərbi əməliyyatla sonda Yaxın Şərqdə on illər uzunu yüz milyard dollarla xərc çəkib formalaşdırdığı proksilərinin hamısını itirdi. Bunun ardınca Suriyanı itirməklə İran praktik olaraq Yaxın Şərqin siyasi müstəvisində zəif bəndə çevrildi”.
Bunu TNS-ə açıqlamasında professor Fikrət Yusifov deyib.
O bildirib ki, İran bu məğlubiyyətlə barışmaq istəmir, yaranmış bu durumdan yalnız özünün nüvə silahını yaratmaqla çıxmağı düşünür: “Ancaq ABŞ-İsrail cütlüyü İranın qapısında bu məsələni qapatmaq üçün hazır dayanıblar. Yəni, İran ABŞ-nin təkliflərini qəbul edib nüvə proqramını ləğv etməklə razılaşmasa, Birləşmiş Ştatlar İsraillə birlikdə İranın nüvə obyektlərinə ağır zərbələr endirəcəkdir. Bu yerdə bir məsələni də diqqətdən qaçırmayaq. ABŞ-İsrail cütlüyü tərəfindən İrana qarşı hərbi əməliyyatlara start verilərsə, bu zaman yalnız İranın nüvə obyektlərinin vurulacağı deyilsə də, reallıqda nələrin baş verəcəyini öncədən söyləmək mümkün deyil. Düşünürəm ki, bu əməliyyatlara start verilərsə, ABŞ-İsrail cütlüyü sonda İranda hakimiyyətin devrilməsinə nail olmağa çalışacaqdır”.
Fikrət Yusifovun sözlərinə görə, regionda Türkiyənin rolunun getdikcə güclənməsini həm İsrail, həm İran həzm edə bilmir.
“İranın bu məsələdə hansı mövqe tutmasının artıq elə bir əhəmiyyəti qalmayıb. İsrail isə reallıqlarla barışmalıdı. Türkiyə regionda böyük gücdür və o, NATO-nun ikinci ölkəsi olmaqla yanaşı, İsrailin bir saylı müttəfiqi olan Birləşmiş Ştatların Yaxın Şərqdə ən etibarlı tərəfdaşıdır. Bu səbəbdən Türkiyə ilə İsrailin Yaxın Şərqlə bağlı bütün məsələlərin həllində bir müstəvidən çıxış etməsindən dolayı yol yoxdur. ABŞ Prezidenti Donald Trampın da bu məsələdə mövqeyi belədir”, - professor əlavə edib.