ABŞ Türkiyə ilə birlikdə hərəkət edəcək

“Donald Tramp iqtidara gələndən sonra ABŞ-nin xarici siyasətində ciddi dəyişikliklər müşahidə olunur. Bunların arasında onun NATO - Varşava Paktı, yəni SSRİ-ABŞ arasındakı gərginliyə son vermək, Ukrayna böhranını bitirmək cəhdləri ilk sıradadır. Tramp indiyədək Rusiya-Ukrayna probleminin həlli istiqamətində müxtəlif addımlar atsa da, hələlik ortada bir nəticə yoxdur”.
Bunu TNS-ə Türkiyənin “Qafqaz” Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) rəhbəri, politoloq Hasan Oktay deyib.
O, Trampla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın münasibətindən danışıb: “Məlumdur ki, İsrail Prezidenti Benyamin Netanyahu ilə Trampın münasibətləri çox yaxşıdır. Amma Netanyahu Trampı Ərdoğana qarşı öz yanına çəkə bilmədi. İkisinin son görüşündə Tramp Ərdoğanla dost olduğunu deyərək, əslində Netanyahuya “ağıllı” olması ilə bağlı xəbərdarlıq etdi. Bu, o deməkdir ki, Tramp ABŞ Çin, Yaxın Şərq, Ukrayna, İran və digər ərazilərdə problem arzulamır. Əksinə, problemləri həll etmək üçün Türkiyə ilə birlikdə hərəkət etmək istəyir. Zənnimcə, Tramp Səudiyyə Ərəbistanına ziyarətdən sonra Türkiyəyə gələ, yaxud Ərdoğan ABŞ-yə gedərək, onunla görüşə bilər.
Hazırda Türkiyə Ukrayna məsələsində həqiqətən vasitəçi ola biləcək mövqedədir. Türkiyənin “taxıl dəhlizi”nin açılmasında böyük rolu olub. ABŞ Rusiya ilə bir çox məsələni Türkiyə üzərindən müzakirə edib.
İran məsələsinə gəlincə, yaxın günlərə qədər ABŞ-nin İsrailin təsiri ilə İrana hər an hücum edəcəyi gözləntisi vardı. Amma ötən şənbə İran və ABŞ rəsmiləri görüşdü. Ayın 19-da Romada daha bir görüş keçiriləcək. Bu da o deməkdir ki, ən azından ayın 19-a qədər ABŞ-İran arasında münaqişə olmayacaq. Türkiyə də İran-ABŞ münaqişəsində tərəf deyil, belə bir qarşıdurmanın olmasını istəmir. Həm İran, həm ABŞ normallaşma prosesində irəli addım atmaq üçün səylərini əsirgəmir”.
Politoloq vurğulayıb ki, Yaxın Şərqdə yeni bir qarışıqlıq ABŞ-nin xeyrinə olmaz. Ukrayna böhranının uzanması da Amerikaya lazım deyil: “Bütün bunları nəzərə alaraq, hesab edirəm ki, ABŞ Avropa İttifaqı (Aİ), Ukrayna, Rusiya, İsrail, İran və Yaxın Şərq siyasətində Türkiyə ilə birlikdə hərəkət etmək məcburiyyətində qalacaq. Əslində Aİ də Ankara-Vaşinqton münasibətlərini nəzərə alaraq, Türkiyəni yanında saxlamağı, Aİ ilə ABŞ arasında vasitəçilik etməsini istəyə bilər. Aİ eyni zamanda Rusiya məsələsində Türkiyəni qalxan kimi görür. Bu da Türkiyənin Aİ-yə xüsusi statuslu üzv olmasının yolunu açar”.