Türkiyə-İsrail danışıqlarında Azərbaycanın ROLU

Son həftələrdə Türkiyə ilə İsrail arasında artan gərginliyin qaynar qarşıdurmaya çevrilməməsi üçün addım atan ölkələr arasında Azərbaycan ön sıralara çıxıb.
Türkiyə və İsrail rəsmiləri Suriyada gərginliyin azaldılması mexanizminin yaradılması üçün ilk görüşünü Azərbaycanın ev sahibliyi ilə Bakıda keçiriblər.
TNS xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev hər iki ölkə ilə çox yaxşı münasibətlərə malik olduğunu, Türkiyə ilə İsrailin ilk dəfə barışmasında vasitəçilik etdiyini və münasibətlərin normallaşması üçün bundan sonra da çalışacağını qeyd edib.
Niyə Bakı seçildi?
Türkiyə ilə İsrail arasında başlayan prosesin mühüm sürprizlərindən biri də danışıqların Azərbaycanın vasitəçiliyi ilə Bakıda baş tutması olub.
Bunun ABŞ Prezidenti Donald Trampın ötən həftənin əvvəlində Ağ Evdə İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşü zamanı Türkiyə ilə problemlərin həllinə kömək etmək barədə təklifindən bir neçə gün sonra baş verməsi də diqqət çəkir.
Azərbaycan da ABŞ kimi hər iki ölkə ilə sıx əlaqələri olan dövlətdir.
Azərbaycanın Türkiyə ilə münasibətləri hər iki tərəfin müəyyən etdiyi “Bir millət, iki dövlət” anlayışına əsaslanır.
Azərbaycanın öz ərazilərini erməni işğalından azad etmək üçün apardığı müharibədən sonra Ankara-Bakı münasibətləri strateji müttəfiqlik səviyyəsinə yüksəlib.
Azərbaycan və İsrail arasındakı münasibətlər də mühüm əhəmiyyət kəsb edir və hər iki tərəf üçün strateji məqsədləri ehtiva edir.
Bakı və Təl-Əviv son 20 ildə təhlükəsizlik və müdafiə sənayesi sahəsində əməkdaşlıqda böyük irəliləyiş əldə edib. Azərbaycanın İranla həmsərhəd ölkə olması İsrail üçün böyük əhəmiyyət kəsb edir.
Türkiyə ilə İsrail arasında başlayan bu prosesdə Azərbaycanın rolu bu baxımdan diqqəti çəkən elementdir.
Prezident İlham Əliyev aprelin 9-da Bakıda keçirilən “Yeni dünya nizamına doğru” Forumunda çıxışı zamanı Türkiyə ilə İsrail arasında yaranmış gərginlikdən narahat olduğunu və iki ölkə arasında böhranın başladığı ilk günlərdən vasitəçilik etdiklərini, lakin bunu açıqlamamağa üstünlük verdiklərini bildirib. Azərbaycan Prezidenti bu gün də oxşar proseslərin davam etdiyini və yenə də əlindən gələni edəcəyini qeyd edib: “Türkiyə ilə İsrail arasındakı pis münasibətlərin Azərbaycan da daxil olmaqla bütün dünyaya zərəri var”.(BBC)