Türkiyənin mövqeyi onları sevindirməyəcək – Tramp Netanyahuya başa saldı ki...

“Türkiyənin tarixi keçmişi, dövlət təcrübəsi, coğrafi mövqeyi, strateji siyasəti, hərbi gücü və bölgədəki dövlətlərlə əməkdaşlığı onun regional güc olduğunu göstərir. Prezident Rəcəb Tayyib Ərdoğanın hakimiyyətə gəlişi ilə bu status daha da güclənib”.
Bunu TNS-ə Türk Dünyası İqtisad Fakültəsinin dekanı, professor Mehmet Yüce deyib.
Professor bildirib ki, regional güc olmaq təkcə hərbi potensialla mümkün deyil: “Regional güc diplomatiya, iqtisadiyyat, enerji siyasəti, mədəniyyət, geosiyasi mövqe kimi bir çox parametrin birləşməsindən formalaşır. Bütün bu parametrlər nəzərə alındıqda Türkiyənin qlobal təsirə malik regional güc olduğu aydın görünür. Bunu bilən ABŞ Prezidenti Donald Tramp israilli həmkarı Benyamin Netanyahu ilə görüşündə Türkiyənin dünya siyasətindəki təsirinə diqqət çəkərək, bu reallığı diqqətə çatdırıb. Ona görə də Trampın Netanyahuya Ərdoğanla bağlı dediklərini şəxsi simpatiya və ya antipatiya kimi yox, Türkiyənin strateji mövqeyi, İsrailin uzunmüddətli maraqları və ABŞ-nin bölgədəki balanslaşdırma siyasəti kimi oxumaq lazımdır. Bu, Trampın açıq-aşkar “dostluğu” kimi yox, “maraqlara əsaslanan rasional diplomatiya” addımı kimi qiymətləndirilməlidir”.
Mehmet Yücenin fikrincə, Trampın Netanyahuya Ərdoğanla bağlı dedikləri ABŞ-nin xarici siyasətindəki strateji tarazlıqları, liderlər arasında şəxsi münasibətləri və xüsusilə, Yaxın Şərqdəki geosiyasi maraqları anlamaq baxımından mühüm siqnal kimi qəbul edilməlidir: “Trampın Netanyahuya bu xəbərdarlığı İsrailin Türkiyə kimi nüfuzlu bir regional gücü qarşısına almaması ilə bağlı strateji bir xatırlatmadır. Trampın Netanyahuya "Ərdoğanla anlaşmalısınız" və ya "strateji hərəkət et" mənasını verən dolayı bəyanatları onun Türkiyəyə simpatiyasından daha çox, onun Türkiyənin geosiyasi əhəmiyyətindən xəbərdar olduğunun göstəricisidir.
Qeyd etməliyik ki, Ərdoğan Qərbdə bəzi qruplar tərəfindən tənqid olunsa da, o, regionda bir çox məsələdə əsas aktordur. Məsələn, Ərdoğanın Ukrayna-Rusiya müharibəsində vasitəçilik rolu, Qəzza məsələsində Fələstinin lehinə tutduğu mövqe, NATO-da qərarverici mövqeyi, Türk və İslam dünyasındakı nüfuzu, enerji, qaçqınlar və müdafiə məsələlərində Avropa üçün əvəzolunmaz statusu və digərləri.
Bu kimi parametrləri nəzərə alan Tramp Netahyahuya Ərdoğanla işləməli oldunu vurğuladı.
Məlum olduğu kimi, Tramp xarici siyasətdə ənənəvi diplomatik normalara deyil, liderlərlə birbaşa şəxsi münasibətlərə önəm verir. Bunu o, Ərdoğanla münasibətlərində də dəfələrlə nümayiş etdirib. Tramp bəzən Ərdoğana “çətin, lakin hörmət göstərilməsi lazım olan lider” kimi yanaşsa da, Netanyahuya bunları nəzərə alması üçün mesaj verib. Trampın sözləri ABŞ-nin Türkiyəni regional güc kimi gördüyünü dünyaya bəyan etmək baxımından da böyük əhəmiyyət kəsb edir.
Türkiyənin regional güc kimi dünya siyasətində mövcudluğu həm bölgə dövlətlərinə, həm də bütün dünyaya, xüsusilə Türk Dünyası və Afrikaya müsbət töhfə verəcək. Qlobal sistemin daha ədalətli hala gəlməsini xarici siyasətinin mərkəzində tutan Türkiyə regional və qlobal problemlərin həllini, əməkdaşlığı, müxtəlifliyi və birgə səyləri ön plana çıxararaq, sahədə, masa arxasında güclü xarici siyasət yürüdür. Türkiyənin bu siyasəti mənimsəməsi və regional gücə çevrilməsi təkcə qonşu ölkələrə deyil, qlobal aktorlara da təsir edəcək. Bu, şübhəsiz ki, regional sülhün və sabitliyin təmin olunmasına xidmət edəcək. Türkiyənin bu mövqeyə gəlməsi əlbəttə ki, bəzi ölkələri sevindirməyəcək və onları alternativ siyasətə yönəldəcək. Təbii ki, bu vəziyyət Türkiyənin bir tərəfdən Türk dünyası başda olmaqla dost və qardaş ölkələrlə intensiv əməkdaşlığını, digər tərəfdən apardığı siyasətdə daha diqqətli olmasını tələb edəcək”.