Ermənistan İrandan asılı vəziyyətə düşəcək - Bu yol Zəngəzur dəhlizinin alternatividir?

Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə İranın yol və şəhərsalma naziri Fərzanə Sadiqi Zəngilana gediblər. Onların həyata keçirilən birgə infrastruktur layihələrinə, o cümlədən, Ağbənd körpüsünə, Horadiz-Ağbənd dəmir yolu tikintisinə birgə baxış keçirməsi nəzərdə tutulub. Həmin infrastruktur layihələri Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonunu İran üzərindən Naxçıvanla birləşdirəcək Araz dəhlizi ilə əlaqədar həyata keçirilir.
Məlumdur ki, Zəngəzur dəhlizinin tikilib, istifadəyə verilməsi məlum səbəblərdən gecikir. Araz dəhlizi Zəngəzur dəhlizinin alternativi ola bilər?
“Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan TNS-in bu barədə suallarına cavabında bildirib ki, Araz dəhlizi Avropadan Azərbaycana və əks istiqamətdə ixracatın sürətləndirilməsinə hesablanıb. Tikintisinə 2023-cü ildə başlanılan, Ağbənd-Kəlalə-Culfa bölgələrini əhatə edən yolun uzunluğu 107 km-dir. Yol Araz çayı boyu sərhəddə yerləşir. Amma nədənsə bu layihənin tikintisi sürətli deyil”.
Siyasi şərhçi Araz dəhlizininn Zəngəzur dəhlizinə alternativ olması barədə səsləndirilən fikirlərə aydınlıq gətirib: “Bu yolu Zəngəzur dəhlizinə alternativ kimi qiymətləndirənlər də var. Amma Zəngəzur yolundan Azərbaycan və Türkiyə, digər ölkələrdən başqa, həm də Ermənistanın istifadə etməsi nəzərdə tulub. Araz yolundan isə Ermənistanın istifadə etməsi ehtimalı sıfra bərabərdir. Yəni, Ermənistan həmin yoldan istifadə edə bilməyəcək, kənarda qalacaq. Başqa sözlə, İran hakimiyyəti Araz yolu layihəsinin reallaşmasını ortaya atmaqla müəyyən mənada Ermənistanı özündən asılı vəziyyətə salır. Çünki belə bir halda Ermənistanın cənuba, dünya okeanına çıxışı İran ərazisindıən reallaşa bilər. İran bununla Ermənistan üzərindən qurmaq istədiyi Şimal-Cənub layihəsini reallaşdırmaq niyyətindədir. Bu iki dəhliz alternativ deyil. Çünki Zəngəzur dəhlizi hər hansı ölkənin nəzarəti altında olmayacaq. Amma İran hakimiyyəti münasibətlərdə anlaşmazlıq olduqda Araz dəhlizini bağlaya, yoldan Azərbaycana, Avropaya qarşı təzyiq vasitəsi kimi istifadıə edə bilər. Yəni, Araz yolu həm də siyasi mahiyyətlidirsə, İran hakimiyyətinin istəklərinə əsaslanaraq, reallaşırsa, Zəngəzur yolu bütövlükdə beynəlxalq yükdaşımalar üçün nəzərdə tutulmuş qlobal miqyasda bir yoldur. Perspektivdə onun Xəzər üzərindən keçəcək Orta dəhlizin davamı olması mümkündür”.