Close

23:20
14 Aprel 2025

Azərbaycana məxsus bu bitkilər azalır- Səbəblər açıqlandı

Azərbaycan ərazisi zəngin bitki örtüyünə malikdir. Ölkəmizdə 4500-dən ali bitki növü yayılıb. Növlərin ümumi sayına görə Azərbaycanın florası Cənubi Qafqazın başqa respublikalarına nisbətən xeyli zəngindir. Torpaqlarımızda rast gəlinən bitki növləri Qafqazda bitən bitki növlərinin ümumi miqdarının 66 faizini təşkil edir.

Eyni zamanda, ölkədə 240 endemik bitki növü mövcuddur. Məlumdur ki, son zamanlar qlobal istiləşmə, eləcə də ölkələr arasında gediş-gəlişin, əlaqələrin artması biomüxtəlifliyin pozulmasına da təsir edir. Hazırda ölkəmizdə nə qədər endemik bitkilər var? Son dövrlərdə müəyyən təsirlərdən bu xüsusiyyətini itirən bitki növləri varmı?

Mövzu ilə bağlı TNS-in suallarını Elm və Təhsil Nazirliyi Botanika İnstitutunun elmi katibi, biologiya üzrə fəlsəfə doktoru Nigar Mürsəlqızı cavablandırıb.

78c64c6e-a2b8-484d-a40f-3c399e7a3d53

O bildirib ki, Azərbaycanın ərazisi Qafqazın təxminən 16 faizini təşkil etsə də, ölkəmizdə Qafqaz florasının ali bitki növlərinin 70 faizinə rast gəlinir: “Azərbaycanın müxtəlif iqlim, torpaq və bitki örtüyünə malik olması, cənub-şərqi Asiya, Ön Asiya, İran-Turan və Qafqaz kimi fitoxorionların əhatəsində yerləşməsi ölkəmizdə zəngin biomüxtəlifliyin yaranmasına səbəb olub. Yalnız onu qeyd etmək kifayətdir ki, Azərbaycan Respublikası ərazi baxımından Qafqazın təxminən 16 faizini təşkil etsə də, burada Qafqaz florasının ali bitki növlərinin 70 faizinə rast gəlinir.

Floranın formalaşmasında, bitki örtüyünün təkamül proseslərinin problemləri həllində endemik bitkilərin öyrənilməsinin böyük elmi əhəmiyyəti var. Azərbaycan florasının endemik növlərinin öyrənilməsinə bir çox görkəmli botanik alimlər öz töhfəsini verib. Aparılan çoxillik tədqiqatlar nəticəsində Azərbaycan ərazisində 700-ə qədər bitki növləri aşkar edilib. Bir çox müəlliflərə əsasən, Azərbaycanın endemik bitkilərinin sayı 240-260 arasındadır”.

Müsahibimiz qeyd edib ki, son dövrlər qonşu ölkələrlə turizm baxımından əlaqələrin artması, quru sərhədləri vasitəsilə artan gediş-gəliş Azərbaycan endemiklərinin digər ölkələrdə də rast gəlinməsinə səbəb olub. Bu hal həmin bitkilərin öz endemiklik statusunu itirməsinə, subendemikə çevrilməsinə səbəb olub: “Son məlumatlara əsasən, yalnız ölkəmizdə bitən bitkilərin sayı 143-ə qədər azalıb.

Azərbaycan endemiklərinin ən çox rast gəlindiyi ərazi Talış zonası ilə Naxçıvan Muxtar Respublikasıdır. Qarabağ ərazisindən 37 növ Azərbaycan endemiki aşkar edilib ki, onlardan 20-sinin arealı ancaq Qarabağ ərazisi ilə məhdudlaşır. Azərbaycan endemiklərindən 24-ü nadir və itmə təhlükəsində olduğundan onlar Azərbaycan Respublikasının Qırmızı Kitabının 3-cü nəşrinə (2023) daxil edilib. Endemik növlər arasında dərman əhəmiyyətli növlər də var. Azərbaycan endemiklərindən 6-sı, Qafqaz endemiklərindən isə 77-si dərman bitkisi kimi bilinir”.

Aygün