Pezeşkian səfirliyimizə hücum edən terrorçunu cəzalandıra biləcək?

“Prezident İlham Əliyevin "Yeni dünya nizamına doğru" mövzusundakı beynəlxalq forumdakı çıxışında iranlı həmkarı Məsud Pezeşkianın bu ay Azərbaycana reallaşacaq səfərinin ikitərəfli münasibətlərin inkişafı baxımından əhəmiyyətini, o cümlədən qonşu ölkə ilə geniş nəqliyyat və iqtisadi gündəliyinin olduğunu vurğulasa da, Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilmiş terror aktını unutmadığını da sözlərinə əlavə edib”.
TNS xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.
O əlavə edib ki, Azərbaycan vətəndaşının ölümü ilə nəticələnən hadisədən iki il keçməsinə baxmayaraq, terroru törədənin hələ də cəzalandırılmadığını bildirən dövlət başçısı ölkələrimiz arasında münasibətlərin tam şəkildə normallaşdırılması üçün bu məsələnin həllinin tapılmasının vacibliyini xatırladıb.
“Bu məsələnin həlli Azərbaycana səfər edən Məsud Pezeşkianın diqqətinə çatdırılacaq. Məsələ burasındadır ki, səfirliyimizə terror hücumu zamanı təxminən 40 dəqiqə ərzində terrorçuya müdaxilə edilməməsi cinayətin arxasındakı qüvvələrin gücündən xəbər verir. Prezident İlham Əliyev bu mövzuda danışarkən, terroru törədən cinayətkarın hadisədən dəqiqələr sonra rahat şəkildə İran dövlət televiziyasına müsahibə verdiyinə də diqqəti çəkib. Bu faktın özü bizdə terrorun yüksək dairələrdə planlaşdırıldığı və bu səbəbdən cinayətkarın hələ də cəzalandırılmadığı şübhələri yaradıb. İki ölkə arasında münasibətlərin inkişafını istəyən Məsud Pezeşkianın bu məsələni həll etməyə gücü çatacaqmı?” – deyə o qeyd edib.