Close

09:06
17 Aprel 2025
23:50
16 Aprel 2025

Ermənistan mina xəritələrini niyə vermir? – 393 nəfərin taleyi...

Vətən müharibəsinin başa çatmasından 5 il ötməsinə baxmayaraq, Ermənistan indiyədək mina xəritələrini verməkdən imtina edir.

Bu müddətdə yüzlərlə mülki şəxs və hərbçimiz mina qurbanı olsa da, erməni tərəf üzərinə düşən öhdəliyi yerinə yetirmir.

Bu durumda nə etmək lazımdır? Hüquqi və siyasi müstəvidə hansı addımlar atıla bilər?

TNS-in bu barədə suallarını “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov cavablandırıb.

O bildirib ki, müharibədən 5 il keçsə də, insanlarımız mina və partlamamış hərbi sursatların (PHS) qurbanı olurlar: “Rəsmi məlumata əsasən, 393 nəfər Azərbaycan vətəndaşı mina və PHS-ın qurbanı olub ki, onlardan 71 nəfəri həyatını itirb. 71 nəfərdən 55-i mülki şəxsdir. Son hadisələr və bizim apardığımız analizlər göstərir ki, partlayışların 55 faizi keçmiş təmas xəttindən kənarda baş verir. Bu, bir daha xəritələr məsələsini gündəmə gətirir. Bildiyiniz kimi, Azərbaycan hökumətinin israrlı tələblərindən, bəzi beynəlxalq aktorların işə qarışmasından sonra Ermənistan bir neçə partiyada minalanmış ərazilərin xəritələrini verdi. Amma sonra məlum oldu ki, bu, keçmiş təmas xəttinə aid olan ərazilərdir və orada 396 min minanının olduğu göstərilirdi. Sonradan bəzi ekspertlərin bildirdiyinə görə, bizim ərazilərdə bir milyon yarımdan artıq mina və PHS var. Keçmiş təmas xəttindən kənara aid heç bir məlumat Azərbaycan tərəfə təqdim edilməyib. Bu da mina qurbanlarının statistikasında özünü göstərir”.

H. Səfixanov bu istiqamətdə hansı tədbirlərin görülməli olduğunu məsələsinə də toxunub: “İstər bizim rəsmi qurumlar, istərsə də vətəndaş cəmiyyəti institutları hazırkı fəaliyyəti azaltmamalı, daha da artırmalıdır. Bu istiqamətdə davamlı olaraq, beynəlxaq səviyyədə tədbirlər keçirilir, fəaliyyətlər göstərilir. Bizim təşkilat əlaqədə olduğumuz bütün beynəlxalq təşkilatları məlumatlandırırıq. Son 3 ildə apardığımız monitorinqlərin nəticəsində artıq Ermənstanın mina istehsal edən ölkə kimi tanınmasına nail olmuşuq. Bunlar hesabatlara düşüb. Yəni, dayanmamalıyıq, işimizi davam etdirməliyik. Belə olarsa, inanıram ki, istəyimizə nail olacağıq”.