"Paşinyan onu da eyni üsulla taqətdən salmışdı"

"Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdəki son çıxışında “Qarabağ hərəkatı fəaliyyətini dayandırmalıdır”, - deməklə sanki bilərəkdən cini şüşədən çıxardı. Onun bu açıqlamasından sonra radikal müxalifət təmsilçiləri “Qarabağ hərəkatına” dəstək ifadə etdilər, bir qrup erməni separatçı isə İrəvanın mərkəzi meydanında çadırlar qurmağa başlayıb".
TNS xəbər verir ki, bunu politoloq, "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib.
Onun fikrincə, belə görünür ki, Paşinyana elə bu lazım idi: "Paşinyan iki il əvvəl ona qarşı yürüşə başlayan, ancaq uğur qazanmayan keşiş Baqrat Qalstanyanı eyni üsulla taqətdən salmışdı. Əvvəlcə onun yürüşünə şərait yaratdı, aylarla davam edən müqavimət hərəkatı tərəfdar toplaya bilmədi. Biabır olan keşiş arxa plana keçdi.
Paşinyan “Qarabağ hərəkatı” ilə mübarizədə erməni cəmiyyətinin əksər hissəsinin ona dəstək verəcəyinə arxayındır. Əks halda, Baş nazir riskə gedib, “Ermənistan xalqı mənim qərarıma qarşı çıxarsa, o zaman mən Ermənistanın Baş naziri olmayacağam”, - ifadəsini işlətməzdi. Ermənistan əhalisi İkinci Qarabağ müharibəsindəki ağır məğlubiyyətdən sonra “Qarabağ hərəkatı”, “Qarabağa qayıdış” kimi şüarlara dəstək verməyəcək. Paşinyan bu yolla seçiciləri arasında mövqeyini gücləndirməyə çalışacaq. Ermənistan əhalisi Paşinyanın “Azərbaycanla sülhə çalışmalıyıq” yanaşmasıyla radikal müxalifətin “Qarabağa qayıtmalıyıq” yanaşması arasında birinciyə üstünlük vermək məcburiyyətindədir. Çünki ikinci seçim Ermənistanı Azərbaycanla müharibədə növbəti ağır məğlubiyyətə sürükləyəcək".