“Məleykə Abbaszadə əvvəlcə Azərbaycan dilində danışmağı, yazmağı öyrənsin...”

“Faydalı işlərin qarşısına həmişə sədd çəkmək istəyənlər tapılır. Son 20 ildə Azərbaycan dilinin nəinki azərbaycandilli əhali arasında korlanmasını müşahidə edirik, eyni zamanda, acınacaqlı haldır ki, KİV-in dilində də ədəbi dil normalarının pozulmasının şahid oluruq”.
Bunu TNS-ə Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzinin icraçı direktoru, “Qanun” nəşriyyatında buraxılış redaktoru və tərcüməçi Aygün Əziz DİM-in İdarə Heyətinin sədri Məleykə Abbaszadənin Azərbaycan Yazıçılar Birliyinin üzvlərinin də imtahana cəlb olunması barədə açıqlamasına aydınlıq gətirərkən deyib.
Onun sözlərinə görə, rəhbərlik etdiyi qurum illərdir, çap və elektron mətbuatın monitorinqini aparır, nəticələri ictimailəşdirir: “Çünki dil hər xalqın milli dəyərlərindən biri, hətta birincisidir. Son 15-20 ilin mediasının dilini görəndə, aralarında tanınmış yazıçıların da olduğu yazı-pozu adamlarının danışığını eşidəndə adamın ürəyi ağrıyır. Bütün bunların kökünü təkcə savadsızlığa bağlaya bilmərik. Görünür, burada başqa amillər də var. Bunlardan ən təhlükəlisi dövlət dilinə, ana dilinə olan etinasız, vecsiz münasibətdir”.
İcraçı direktor vurğulayıb ki, dilimizdə oturuşmuş sözlərin naşıcasına sıxışdırılaraq, bizə yaxın dillərdən alınma sözlərlə əvəz edilməsi də heç cür qəbul edilə bilməz: “Bunları adi vətəndaş etsəydi, bəlkə, indi üzbəüz qaldığımız təhlükəli vəziyyət yaranmazdı. Əfsus ki, cəmiyyətə təsir edə bilən, üzdə olan, nümunə götürülməli olan tanınmış simalar öz dillərinin təmizliyini nəinki qoruya bilmirlər, hətta bunu, deyəsən, istəmirlər də. Məleykə xanımın AYB-nin yazıçılarını da imtahana səsləməsi bəziləri tərəfindən etirazla, gülüşlə, nifrətlə qarşılanıb. Niyə? Məgər Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Üzeyir Hacıbəyli, Firidun bəy Köçərli, Ömər Faiq Nemanzadə kimi böyük mütəfəkkir və ədiblərimiz ana dili uğrunda ona görə fədakarlıq ediblər ki, biz onların bizə əmanət qoyub getdiyi dilimizi istədiyimiz kimi formadan formaya salaq, evini yıxaq və hibridləşdirək? Hələ hardasa yüz il əvvəl Üzeyir bəy yazırdı: "Ana dilimizə əhəmiyyət verməsək, ola bilər ki, bir gün dilimiz itər-batar, yox olar və bir millətin də ki, dili batdı, o millət özü də batar, çünki bir millətin varlığına, yaşamasına isbat vücud onun dilidir”.
Biz Məleykə Abbaszadənin bu təklifinə müsbət yanaşırıq. Ana dilini bilmək “Dövlət dili haqqında” Qanunun tələbidir. Bu qanuna hörmət etməyən, öz ana dilində normal, orta məktəb şagirdinin səviyyəsində danışa, yaza bilməyən bir Xalq yazıçısına mən necə hörmət edim? Cəmiyyət, oxucu ondan nə nümunə götürsün? Belə insanlar faş edilməli, qınanılmalıdır ki, başqalarına görk olsun”.
Aygün Əziz bildirib ki, səmimiyyətlə və təəssübkeşliklə görülən hər iş faydasını verir: “Yeganə məsələ, sona qədər üstündə durmaqdır. Bu yanaşma kağız üzərində qalmayacaqsa, əlbəttə, müəyyən vaxtdan sonra töhfəsini verəcək. Çünki insanlar danışıqlarına, yazılarına diqqət edəcəklər. Xüsusilə, üzdə olan simalar ictimai qınağa tuş gəldikləri üçün öz üzərlərində işləyəcəklər. Hər şey qanunla, qayda ilə tənzimlənir. Dilin də öz qaydaları, normaları var və onları qorumaq hər kəsin borcudur. Dilimizi qorumasaq, klassik irslə, elə bugünkü dilimizlə gələcək nəsillərin danışdığı dil arasında bir uçurum olacaq. Milli mədəniyyətə bundan böyük zərbə ola bilməz. Bu, artıq görülməsi labüd olan taleyüklü bir işdir və bundan yaxa qaçırmaq, Məleykə xanımın sözlərinə etina etməmək birbaşa olaraq dilini sevməyən adamlara xas hərəkətlərdir və bu cür yanaşmanın cəmiyyətin haqlı qınağına tuş gələcəyinə inanırıq”.
Yazıçı, publisist Əlabbas Bağırov da məsələ ilə bağlı fikirlərini TNS-lə bölüşüb.
O, DİM sədrinin bu çağrışını yazıçıların ələ salınması kimi dəyərləndirib: “Ayıb olsun. Bir o qalmışdı ki, hər cür məşəqqətə sinə gərib, min bir əziyyətə qatlaşa-qatlaşa Azərbaycan ədəbiyyatının adını uca tutan yazıçıları ələ salasınız. Əvvəl özü Azərbaycan dilində normal danışmağı, yazmağı öyrənsin, sonra sərsəm bəyanatlar barədə düşünər.
Məleykə xanım əvvəlcə desin görək, sonuncu dəfə Azərbaycan ədəbiyyatından hansı yazıçının əsərini oxuyub? Barmağını qatlasın. Desin ki, oxumuşam və həmin əsər haqqında beş cümləlik bir fikir bildirsin. Görək, fikir bildirə bilir, yoxsa yox. Amma başqa birinə yazdırmasın, özü yazsın”.
“Ulduz” jurnalının baş redaktoru, şair Qulu Ağsəs isə TNS-ə bildirib ki, əlahəzrət DİM-in verdiyi bu DİK sualın qarşısında DİM-DİK dayana biləcək yeganə qüvvə Azərbaycan ədəbiyyatıdır.
“Əgər bu millət cümhuriyyət qura, bayraq, ordu və himn yarada bilibsə, bütün bunlar məhz Azərbaycan dilinin hesabınadır. Azərbaycan dilini, sərhədlərini qoruyan, onun keşiyində duran və illərlə o sərhədləri irəli çəkən Azərbaycan ədibləridir. Açığı, bu məsələni eşidəndə elə bildim ki, Azərbaycan yazıçıları imtahan götürəcəklər. Sonra məlum oldu ki, sən demə, yazıçılar sorğu-sual olunacaq. Mənə çox maraqlıdır. Görəsən, hansı məmur, hansı icra başçısı hansı komitə sədri Azərbaycan yazıçısından dillə bağlı imtahan götürəcək. Azərbaycan dilinin özü Azərbaycan yazıçısına imtahan verməlidir, nəinki əksinə”.