Close

Onlar Azərbaycana belə gətiriləcək

“Baş Prokurorluğun istintaqa çağırdığı şəxslərin Azərbaycana gətirilməsi mümkündür. Onlar ikitərəfli dövlətlərarası sazişlərə, anlaşmalara uyğun olaraq, ölkəyə gətirilə bilər. Bu insanlar konkret cinayət əməllərində ittiham edilirlər. Həmin ittihamlar artıq elan olunub”.

Bunu TNS-ə siyasi şərhçi Azər Həsrət deyib.

O bildirib ki, həmin şəxslər gəlib, hüquq-mühafizə orqanlarına, konkret olaraq, istintaqa ifadə verməyə borcludurlar: “Verməyəcəkləri təqdirdə məcburi gətirilmələri təmin ediləcək. Məcburi gətirilmədən də yayındıqları təqdirdə İnterpol vasitəsilə, konkret ikitərəfli anlaşmalar çərçivəsində olduqları ölkədə həbs edilərək, Azərbaycana təhvil verilməlidirlər. Əgər hansısa ölkə onları tutub, Azərbaycana verməkdən imtina edəcəksə, həmin ölkələr də məsuliyyət altına girmiş olacaq.

Bilirik ki, bu şəxslər Almaniyada, Fransada, Böyük Britaniyadadır. Deməli, onlar həmin ölkələrdə Azərbaycanın sorğusu əsasında tutulacaq və Azərbaycana gətiriləcəklər”.

Azər Həsrətin sözlərinə görə, artıq həmin şəxslərin Azərbaycana təhvil verilməsi prosesinin başlandığını demək mümkündür: “Yəni, qaça biləcəkləri yer qalmayıb. Heç nədən və heç kimdən yayına bilməyəcəklər. Qanundan, demokratiyadan, insan haqlarından, hüquqi dövlətdən danışırlarsa, əslində özləri gəlib, istintaqla əməkdaşlıq etməlidirlər. Amma belə anlaşılır ki, iş birliyindən yayınırlar. Yayındıqları təqdirdə onlar barəsində mütləq dövlətlərarası müqavilələr əsasında tədbirlər görüləcək. Mən belə başa düşürəm ki, işin bu cür başlanılması ən doğru yoldur. Azərbaycan dövləti siyasi mövqeyinə görə heç kimi təqib etmir. Onların əməllərində doğrudan da cinayət tərkibi var. Bunun sübuta yetirilməsi üçün görünür, yetərincə dəillər toplanıb ki, bizim hüquq-mühafizə orqanları lazımi addımı atır. Buyursunlar, gəlsinlər, Azərbaycanda qanun qarşısında cavab versinlər.

Artıq bu mərhələdən sonra məsuliyyətdən yayına bilməyəcəklər. Onları da kimsə, hansısa qurumlar, qüvvələr insan haqları, demokratiya, ifadə azadlığı və s. adı altında müdafiə etməyə çalışsa, onların da qarşısına faktlar qoyulacaq. Təzəlikcə belə bir örnək oldu. Erməniləri qızışdırıb, Azərbaycana qarşı bölücülük və terrora sövq edən Ruben Vardanyan haqqında beynəlxalq qurumlarda haray-həşir salmışdılar ki, guya o, girovdur. Azərbaycan dövləti onu qanunsuz həbs edib və s. Azərbaycana BMT-nin müvafiq qurumuna bütün dəlilləri təqdim etdi. Ondan sonra BMT bəyanat verdi ki, Ruben Vardanyanın saxlanılmasında qanunsuz heç bir şey yoxdur. Bu adamlara da Vardanyana tətbiq edilən prosedur tətbiq ediləcək.

İşin ən pis tərəfi odur ki, ermənilərlə bağlı örnəyi bunlara da şamil edirik. Bunlar ermənilərdən daha təhlükəli mövqedədirlər. Əlbəttə Azərbaycan dövləti də öz milli təhlükəsizliyi baxımından bu addımları atır”.

Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov isə TNS-ə bildirib ki, özlərini hazırkı Azərbaycan hakimiyyətinə müxalif hesab edən adı keçən şəxslərin uzun müddətdir, dünyanın, xüsusilə də Avropanın ayrı-ayrı ölkələrində Azərbaycan dövlətinə, hakimiyyətdə təmsil olunan şəxslərə münasibətdə qanuna və hüquqazidd çağrışlarının, təhqiredici ifadələr işlətmələrinin şahidi oluruq: “Həmin şəxslər özlərini bloger və müxalifətçi kimi təqdim edirlər. Siyasi fəaliyyətlərinə görə təqib olunduqlarını iddia edirlər. Artıq Baş Prokurorluq tərəfindən Azərbaycan və beynəlxalq ictimaiyyətə məlumat verildi ki, bunlardan bəziləri əvvəlki dövrlərdə, bəziləri ölkəni tərk etdikdən sonra Azərbaycan vətəndaşlarına qarşı ayrı-ayrı cinayətlər törədilməsində ittiham olunurlar. Həmin cinayətlərlə bağlı çox ciddi cəzalar nəzərdə tutulur. Qanunvericiliyimizə istinadla deyə bilərəm ki, həmin şəxslər könüllü şəkildə ibtidai istintaq orqanına gələcəkləri və orqanla əməkdaşlıq edəcəkləri təqdirdə, gələcəkdə məhkəmənin qərarı ilə cəza təyin ediləcəksə, bu, yüngülləşdirici hal kimi nəzərdə tutula bilər. Gəlmədikləri üçün Azərbaycan dövləti onların ölkəyə ekstradisiyası ilə bağlı addımlar atacaq. Belə olan halda onlar yüngülləşdirici haldan özlərini məhrum edəcəklər. Onların gətirilməsi ilə bağlı məsələyə gəldikdə isə Azərbaycan dövlətinin ayrı-ayrı ölkələrdə cinayət törətmiş və ya törətməkdə ittiham olunan şəxslərin ekstradisiya mübadiləsinə dair anlaşmaları var. Biz dəfələrlə Avropanın ayrı-ayrı ölkələrindən, Ukrayna, Rusiya, Türkiyə, Gürcüstan və digər dövlətlərdən cinayət törətməkdə ittiham olunan şəxslərin gətirilməsi hallarını görmüşük. Bu şəxslərə münasibətdə də eyni addımlar atılacaq. Yəqin ki, dövlət öz işini görəcək. Əgər o şəxslər həqiqətən də ittiham olunduqları cinayəti törədiblərsə, onlara münasibətdə məhkəmənin hökmü ilə ağır cəzaların tətbiq ediləcəyinin də şahidi ola bilərik. Eyni zamanda, həm də qiyabi olaraq onların barəsində müvafiq icraatlar aparıla, məhkəmənin hökmü ola bilər. Düşünürəm ki, şəxslərin gəlməsi, ibtidai istintaq orqanı ilə əməkdaşlıq etməsi daha məqsəduyğundur”.

Qeyd edək ki, Baş Prokurorluq uzun zamandır, xaricdə ölkəmiz əleyhinə fəaliyyət göstərən Qabil Məmmədov, Qurban Məmmədov, Məhəmməd Mirzəli, Elşad Məmmədov və Tural Sadıqlını istintaqa çağırıb.